Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən "Run Group" şirkətinin prezidenti İranə Talışxanovanın barəsində olan hökmdən verilən apellyasiya şikayətinə baxılıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən qüvvədə saxlanılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, İranə Talışxanova 9 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd: "Run Group" şirkətinin prezidenti İranə Talışxanova Cinayət Məcəlləsinin 178.3.2-ci ( külli miqdarda dələduzluq) maddəsi ilə ittiham olunub. Cinayət işi üzrə 11 nəfər zərərçəkən şəxs qismində tanınıb.
Zərərçəkənlər arasında Türkiyə vətəndaşları da var. Zərərçəkənlərin hər birinə iş qurmaq adı altında dələduzluq edilib.