Bu gün Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları Lənkəran Şəhər İcra Hakimiyyətində əməliyyat keçirib.
Əməliyyat zamanı saxlanılan şəxslərdən biri İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri, rayonun baş memarı Elgün Abdullayevdir.
Elgün Abdullayevlə yanaşı, bir neçə vəzifəli şəxs də saxlanılıb.
Modern.az-ın əldə etdiyi məlumata görə, icra başçısı Taleh Qaraşov hazırda Lənkəranda deyil. Onun Bakıda olduğu deyilir.
İcra başçısının həbslərlə bağlı Bakıya çağırıldığı ehtimal olunur. Lakin Baş Prokurorluqdan və hüquq-mühafizə orqanlarından bu barədə hər hansı açıqlama verilməyib.
Sayt İcra Hakimiyyətindəki həbslərlə əlaqədar Lənkəranın deputatları Rüfət Quliyev və Cavanşir Paşazadə ilə əlaqə saxlasa da, onlar əməliyyatdan xəbərsiz olduqlarını bildiriblər.
Onu da bildirək ki, Taleh Qaraşov Lənkəran rayonuna 2012-ci ildə icra başçısı təyin edilib. Bundan öncə o, Kürdəmirin (1996–2002), Cəlilabadın (2002–2006), Neftçala (2006–2011) və Astara rayonlarının icra başçısı (2011–2012) vəzifəsində çalışıb. Qaraşovun adı mətbuatda dəfələrlə qalmaqallı hadisələrdə hallanıb.