Qubadlı rayonunun sabiq icra başçısı Elxan Nuriyev Polşada həbs edilib.
MilliYol.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, Azərbaycan tərəfindən İnterpol xətti ilə beynəlxalq axtarışa verilmiş 1962-ci il təvəllüdlü Elxan Piri oğlu Nuriyev Polşada tutulub. Hazırda Ukrayna vətəndaşı olan sabiq icra başçısının Azərbaycan CM-nin 120 (Qəsdən adam öldürmə) və 309-cu (Vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham edildiyi və barəsində məhkəmə tərəfindən həbs qərarının çıxarıldığı bildirilib.
Qeyd edək ki, o, 1992-ci ildə mərhum Prezident Əbülfəz Elçibəyin fərmanı ilə Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Gəncə qiyamından bir müddət sonra yenidən Ukraynaya qayıdıb. O, 22 avqust 1993-cü ildə Qubadlı RİH başçısı vəzifəsindən azad edilib.
Bir neçə il əvvəl E.Nuriyev Ukraynanın sabiq prezidenti Petro Poroşenkonun sərəncamı ilə Ukrayna təhsil nazirinin müşaviri və Ukrayna rektorların attestasiya komissiyasının sədri vəzifəsinə təyin olunub.