Azərbaycanda fəaliyyət göstərən məktəblərin birində şagirdin digər şagird tərəfindən döyüldüyü anı əks etdirən videogörüntülər yayılıb.
MilliYol.Az xəbər verir ki, bu barədə görüntüləri təhsil eksperti Kamran Əsədov yayıb.
Belə ki, şagirdlərdən biri digərini yumruq və təpik zərbələri ilə döyüb. Ətrafdakı şagirdlərdən biri isə bunu mobil telefonun kamerası ilə lentə alıb.
Görüntülərin 112 nömrəli tam orta məktəbdə baş verdiyi iddia edilir.
Bakı Şəhər Təhsil İdarəsinin Mətbuat Xidmətinin rəhbəri Bəşarət Məmmədov bildirilib ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təlimə Dəstək Mərkəzinin psixoloqları da məktəbdə olub, uşaqlarla zəruri söhbət aparılıb, müvafiq dəstəkləyici tədbirlərin həyata keçirilməsi qərara alınıb.
Qeyd edək ki, məktəbdaxili münasibətlərin düzgün tənzimlənməsi hər zaman diqqət mərkəzində saxlanılır və bununla bağlı zəruri maarifləndirmə işləri görülür.
Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən müvafiq araşdırma aparılır. hazırda araşdırma aparılır, əlavə məlumat veriləcək.
112 nömrəli tam orta məktəb də hadisə barədə məlumat yayıb:
"Sosial şəbəkələrdə şagirdlərin uyğunsuz davranışı ilə bağlı yayılan görüntülər 30 sentyabr tarixində tənəffüz zamanı baş verib.
Həmin şagirdlər arasında əvvəllər heç bir mübahisə yaranmayıb. Görüntüləri çəkən şagird həmin gün məktəbə iki mobil telefon gətirərək birini sinif rəhbərinə təhvil versə də, digərini özündə saxlayıb.
Sinif rəhbəri hadisədən xəbərdar olan kimi şagirdlərlə söhbət aparıb. Onlar səhvlərini anladıqlarını və artıq barışdıqlarını bildiriblər.
Məktəb rəhbərliyi tərəfindən şagirdlərdən və onların valideynlərindən izahat alınıb, psixoloqlar tərəfindən məktəblilərlə müvafiq istiqamətdə söhbət aparılıb.
Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına da məlumat verilib. Məktəbdaxili nizam-intizam qaydalarına əməl etməyin zəruriliyi bir daha şagirdlərin diqqətinə çatdırılıb”.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov "Qafqazinfo"ya bildirib ki, görüntülər nəzarətə götürülüb: "Araşdırma başlayıb. Nəticə barədə məlumat veriləcək".