Prezident İlham Əliyev: “Məhz Heydər Əliyevin cəsarəti, müdrikliyi sayəsində Azərbaycan özünü dünyaya təqdim edə bildi”
“Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir”. Bu sözləri müasir Azərbaycanın yaradıcısı ulu öndər Heydər Əliyev deməklə, gələcək nəsillərə öz dövlətini necə qorumağın düstur və tezisini verib. Çünki ulu öndər daimi siyasi fəaliyyətdə olan ictimai xadim kimi dövlət qurub və yartmağın məsuliyyətini, siyasi ağırlığını bilirdi. Ümummilli liderin fəaliyyəti yalnız xalqa və dövlətə xidmət üzərində qurulub. O, hələ sovet dövründə xalqının inkişafı naminə çoxşaxəli islahatlar həyata keçirmişdir və həmin dövrün çətinliklərinə sinə gərərək millətin rifahı naminə əvəsiz işlər görmüşdür.
Ulu öndər Heydər Əliyev xalqa xidmət edən bir lider olaraq Azərbaycanın ən ağır günündə yenə də onun köməyinə çatmışdır. Belə ki, 1991-1993-cü illər ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq və qeyri-peşəkar idarəetmə dövrü kimi xatırlanır. Həmin zaman Azərbaycan müstəqilliyini bərpa etsə də erməni tərəfinin təcavüz və işğal siyasəti, müharibə, digər tərəfdən ölkədaxili sabitliyin pozulması, o dövrün iqtidarının səriştəsizliyi nəticəsində vətəndaş müharibəsi, müxtəlif silahlı dəstələr müstəqilliyin əldən getməsinə və təhlükədə olmasına zəmin yaradırdı. Qanlar bahasına qazanılmış müstəqillik məhv ola bilərdi. Dövlətin suveren mövcudluğuna təhdid yaradan bütün amillər həmin dövrdə dövlətə səriştəsiz və qeyri-peşəkar şəxslərin rəhbərlik etməsinə görə baş verirdi. Belə bir vəziyyətdən çıxış yolunu axtaran Azərbaycan xalqı xilasını yalnız Heydər Əliyevin simasında görürdü.
Məhz bu anda elə bir şəxsiyyət lazim idi ki, müstəqilliymizi əbədi etsin. Bunu hər kəs bacara bilməzdi. Odur ki, o dövrün qabaqcıl ziyalıları xalqın böyük oğlu Heydər Əliyevdən Azərbaycanı böhrandan xilas etmək üçün Bakıya gəlməsini xahiş etdilər. Azərbaycanın müstəqil, azad, firavan görmək arzusunda olan bir insan, bunu həyata keçirmək üçün əlindən gələni əsirgəməyən, özünü bu yolda fəda etməyə hazır olan Heydər Əliyev “Böyük Qayıdışı” ilə bir daha xalqına sədaqətini sübüt etdi.
Ulu öndər Heydər Əliyev bildirirdi: “Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi, milli-demokratik dövlətin, hüquqi cəmiyyətin yaradılması hərtərəfli, geniş planlı iş aparılmasını və respublikanın bütün ictimai-siyasi, sosial-iqtisadi potensialından maksimum istifadə olunmasını tələb edir. Əgər hər hansı ölkənin xalqları öz hüquqlarını anlayır və onları qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət olur”.
Heydər Əliyev ideyaları öz əsrarəngizliyi ilə insanı valeh edir. Ardıcıl və məqsədyönlü siyasət Heydər Əliyevin hər zaman əsas ideyası olub. Azərbaycanı böhranlı bir vəziyyətdən öz “Böyük Qayıdış”ı ilə xilas edən dahi rəhbər xilaskarlıq missiyasını yerinə yetirməklə yanaşı, Azərbaycanı dünyanın güclü dövlətinə çevirmək istiqamətində siyasətini də ortaya qoydu. Heydər Əliyevin tarixi qayıdışı fenomenində müstəqilliyin qorunub saxlanılması əsas məfkurə idi. Müstəqillik əldə etmiş Azərbaycan üçün qazanılmış müstəqilliyi qoruyub saxlamaq vacib idi. Dahi liderin “müstəqilliyi qoruyub saxlamaq onu əldə etməkdən qat-qat çətindir” ifadəsi uzaqgörənliklə deyilmişdi. Çünki Heydər Əliyev gözəl dərk edirdi ki, xalqın iradəsi ilə qazanılmış müstəqilliyi qorumaq və gələcək nəslillərə ötürmək lazımdır. Məhz Onun qətiyyəti sayəsində Azərbaycanın üzərini alan qara buludlar çəkildi və vətənimiz müstəqilliyini Heydər Əliyevin qətiyyəti, müdrik siyasəti sayəsində qoruyub saxlaya bildi.
Qasımov Səyavuş Kamran oğlu, Avrasiya Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent