Son zamanlar ictimai nəqliyyatın işində ciddi problemlər yaranıb. Yeni tədris ilinin başlaması ilə bəzi problemlər daha açıq şəkildə görünməyə başladı. Paytaxt sakinləri az qala hər gün ictimai nəqliyyatın işindən, yollardakı tıxaclardan şikayət edirlər.
Bəs problemin həlli üçün aidiyyatı qurumlar nə iş görür?
Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mais Ağayev Trend-ə açıqlamasında bildirib ki, son vaxtlar avtobusların hərəkət qrafiklərinin pozulması hallarının artmasının əsas səbəbi şəhərdə pik həddə çatan avtomobilləşmədən qaynaqlanan tıxac problemidir.
"Aparılmış təhlillər əsasında illər öncə bu problemin daha kəskin hal alacağı BNA tərəfindən proqnozlaşdırılmış, bunun qarşısının alınmasının alternativsiz həll yolu kimi müasir şəhər mobilliyi prinsiplərinin tətbiqinin zəruriliyi ilə təşəbbüslər göstərilmiş və müəyyən hissəsinin reallaşdırılmasına nail olunub. Konkret olaraq xüsusi avtobus zolaqlarının bütün marşrut şəbəkəsi boyunca təşkilinə nail olunmalıdır. Yalnız bu məsələ həllini tapdıqdan sonra avtobusların qrafik üzrə hərəkəti böyük ölçüdə təmin olunacaq. Yəni mövcud vəziyyət qrafikdən yayınma deyil, tıxac səbəbindən qrafikə əməl olunmasının yaratdığı mənzərədir", - deyə o əlavə edib.
Bakı metropoliteninin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov isə bildirib ki, yeni tədris ilinin başlaması ilə əlaqədar metro stansiyaları yeni qrafikə keçib:
“Yeni tədris ilinin başlanması və fəal istirahət dövrünün başa çatması ilə əlaqədar sentyabrın 14-dən etibarən metropoliteni yeni payız-qış qrafikinə keçib. Metropoliteni praqnozlaşdırmışdı ki, yeni tədris ili başlamaqla, pandemiya dövrü davam etsə də, məhdudiyyətlər olmadığı təqdirdə metro stansiyalarında sərnişin sıxlığı kifayət qədər çox olacaq. Lakin hazırda metropolitendə daşınan sərnişinlərin sayı 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə bir qədər azdır. Sentyabrın 14-dən bu günə qədər metropolitendə gün ərazində 700 mindən artıq sərnişin daşınır. Metropoliten gün ərzində gur saatları müəyyən edərək həmin saatlarda sərnişin sayına uyğun qatarların hərəkət qrafikini texniki cəhətdən mümkün olan ən minimal intervalla tətbiq edib. Hazırda “Həzi Aslanov”-“28 may” stansiyaları arasında interval 2 dəqiqə müəyyən edilib. “28 may” stansiyasında Yaşıl və Qırmızı xətlər birləşdiyindən “İşəri şəhər” və “ Dərnəgül” stansiyalarına hərəkət edən qatarlarda isə interval iki dəfə çox olur. Bununla əlaqədar metropoliten gur saatların qrafikini də dəyişib. Əvvəllər gur saat qrafiki metro stansiyalarında 07:30-09:00 olduğu halda, hazırda gur saatların qrafiki 07:00-10:00, axşam saatlarında isə bu interval 17:00-20:00 müəyyən edilib. Hazlırda qatarların hərəkət qrafiki də buna uyğun təyin edilib”.
B. Məmmədov bildirib ki, yeni tədris ilində ikinci növbə tədris saatları ilə bağlı da tədbirlər görür.
“Metropoliten texniki imkanları səviyyəsində maksimum tədbirlər görür ki, sıxlıq yaranmasın. Metro stansiyalarının platformaları 5 vaqonlu qatarlar üçün hesablandığına görə xəttə bundan artıq vaqon buraxmaq mümkün deyil”, -B. Məmmədov deyib. .
Nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev Trend-ə açıqlamasında qeyd edib ki, ayrı-ayrı nəqliyyat qurumları arasında inteqrasiya zəifdi.
"Bakıda bir metro şəbəkəsi, dairəvi dəmiryolu və bütün şəhəri əhatə eləyən avtobus şəbəkəsi var. Bütün yük hazırda avtobus şəbəkəsinin üzərinə düşüb. Görünür ki, metro artıq çatdırmır. Dəmir yolunda böyük iş görülsə də qatar sayı azdır. Şəhərdə ictimai nəqliyyata böyük tələbat var lakin təklif azdır. Hazırda paytaxtda mobilliyi təmin etmək üçün çeşidli ictimai nəqliyyat növlərini inkişaf etdirmək lazımdır".
Onun sözlərinə görə, paytaxtda günlük avtobuslardan 2,2 mln, metrodan 750 min, dəmiryolundan 23 min, 700 minə yaxın şəxs isə öz şəxsi avtomobilindən istifadə edir. Həm çeşidin məhdud olması, şəbəkənin genişlənməməsi, qeyri bərabər növlər üzrə sərnişinlərin paylanması və ayrılmış avtobus, velosiped zolağının olmaması ictimai nəqliyyatın keyfiyyətin aşağı salan amillərdəndir:
"Mövcud infrastrukturda bəzi əlavələr etməklə tez hiss olunan nəticə əldə etmək mümkündür. Ayrılmış avtobus zolağı ayırmaqla və Bakı dairəvi dəmiryolunda qatar və stansiyaları sayın artırmaqla bu günki vəziyyəti düzəlmək olar. İkinci mərhələ yüngül relsli dəmiryol şəbəkəsin yaratmaqla daha çox şəhər sakinin səfərin ictimai nəqliyyata yönəltmək mümkündür. Paralel olaraq velosiped infrastrukturun yaratmaqla həm də skuter sürənlər üçün şərait yaratmış olarıq.
Şəhərin zonaları üzrə parking qiymətinin təsdiqi, Baş planda nəzərdə tutulmuş alt mərkəzlərin inkişafıda nəqliyyatdakı böhranın nizama salınmasında rol oynayacaq. Bu gün gördüyümüz avtobus gecikməsi əslində komplekt tədbirlər planın icrasın tələb edir ki, vəziyyət kökündən dəyişsin. Tələbimiz küçələrimizin ictimai nəqliyyatın prioritet olmaqla qurulmasıdır", - deyə o əlavə edib.