Elm və Təhsil Nazirliyi Azərbaycanda hansı xarici universitetlərin diplomunun tanınıb-tanınmaması ilə bağlı məsələyə aydınlıq gətirib.
MilliYol.Az modern.az-a istinadən xəbər verir ki, nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehovun sözlərinə görə, bu məsələdə universitetin adının və harada yerləşməsinin önəmi yoxdur.
“Universitet oxumaq üçün xarici ölkəyə getmiş və həqiqətən təhsil müddəti ərzində həmin ölkədə qalıb dərslərdə iştirak etmiş şəxs təhsilini bitirdikdən sonra müvafiq sənədlərini Elm və Təhsil Nazirliyinin nəzdindəki Təhsil Keyfiyyət Təminat Agentliyinə göndərir. Daha sonra həmin şəxsdən müsahibə götürülür və onun sənədi ratifikasiya olunaraq tanınır. Bir sözlə, bu məsələdə universitetin adının önəmi yoxdur. Yerləşdiyi ölkədən asılı olmayaraq, burada universitetin lizensiyasının olması, hüquqi statusa malik olması və normal şəraitdə fəaliyyət göstərməsi önəmlidir. Belə universitetlərdə müvafiq tədris qaydalarına əməl edib, təhsil alan şəxsin diplomu, əlbəttə, tanınır”, - deyə qurum rəsmisi vurğulayıb.
Qeyd edək ki, ötən illər ərzində xaricdə təhsil almış bəzi tələbələrin diplomları müxtəlif səbəblərdən Azərbaycanda tanınmayıb (Modern.az).