Cari ilin 27 sentyabr tarixində Prezident İlham Əliyev Anım gününü Füzuli rayonunun Qaraxanbəyli kəndində keçirmişdir. Həmişə olduğu kimi bu dəfə də Prezident ənənəsinə sadiq qalaraq mühüm günləri xalqı ilə birgə keçirdi. Bu təsadüfi deyildi, çünki Qaraxanbəyli işğaldan azad olan ilk yaşayış məntəqələrindən biri idi.
Məlumdur ki, Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli Sərəncamı ilə 27 sentyabrı Anım günü kimi qeyd edilməsi qanuniləşdirilib. Bütün Azərbaycan xalqı şəhidlərimizin əziz xatirəsini yad edir. Şəhidlərimiz Vətən, torpaq uğrunda öz canlarını fəda etdilər. Biz öz şəhidlərimizlə fəxr edirik. Şəhidlərimizin qanı yerdə qalmadı, biz döyüş meydanında qisasımızı aldıq. Doğma torpaqlarımızı düşməndən azad etdik, ölkəmizin ərazi bütövlüyünü bərpa etdik.
Ali Baş Komandan İlham Əliyev qeyd etmişdir ki, “44 günlük Vətən müharibəsi şanlı tariximizdir. Azərbaycan xalqı bütün gücünü səfərbər edib, yumruq kimi birləşərək düşməni doğma torpaqlarımızdan qovdu. İşğaldan azad olunmuş torpaqların sahibləri bu torpaqlara yenidən həyatı qaytarır. Qəhrəman əsgər və zabitlərimizin fədakarlığı, qəhrəmanlığı sayəsində bu gün biz azad edilmiş torpaqlarda qurub yaradırıq, şəhərlərimizi, kəndlərimizi bərpa edirik və həm də şanlı Zəfərimizlə fəxr edirik”.
Müharibə göstərdi ki, xalqımız dövlətimizin yanındadır və bu milli həmrəylik Azərbaycan xalqının təbii güc mənbəyidir. Bütün Azərbaycan xalqı 44 günlük Vətən müharibəsində birlik və iradə nümayiş etdirərərk düşmənə qalib gəldi. Biz şəhidlərimizi hörmətlə anırıq və bu həmişə belə də olacaqdır. Bunun bariz nümunəsi Qaraxanbəyli kəndinin yaxınlığında qaya parçasında ucaldılan abidədir.
Qaraxanbəyli kəndi və digər beş kənd İkinci Qarabağ müharibəsinin ilk günündə azad edilmişdir. Qaraxanbəyli, Qərvənd, kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı – Füzuli rayonunun kəndləri və Cəbrayıl rayonunun kəndləri – Böyük Mərcanlı və Nüzgar kəndi müharibənin ilk günündə azad edilmişdir və bu yaşayış məntəqələrinin azad olması ordumuza və xalqımıza ümid verdi və ciddi motivasiya oldu.
Əsgər və zabitlərimiz öz canlarını fəda etdilər ki, xalqımız ləyaqətini bərpa etsin, ədaləti bərpa etsin və öz torpaqlarına qayıtsın. Füzuli istiqamətdə beş-altı müdafiə xətti mövcud idi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bu müdafiə xəttini və bundan sonrakı müdafiə xətlərini yarmaq üçün ölümə gedirdi ki, üçrəngli Bayrağımız Şuşada və o vaxt işğal altında olan digər bütün torpaqlarda dalğalansın.
Azərbaycan Ordusu 44 gün ərzində hər gün ancaq irəliyə gedirdi. Dayanmadan, durmadan, usanmadan hər gün qan tökərək, şəhidlər verərək irəliyə gedirdi, Zəfərə doğru gedirdi. Bir gün belə dayanmadı, bir gün belə geriyə addım atmadı, ancaq irəli getdi, düşməni qova-qova döyüş meydanında tarixi Zəfər çaldı. 44 gün ərzində 300-ə yaxın şəhər və kənd düşməndən azad edildi. Düşmən məcbur olub kapitulyasiya aktını imzalayaraq məğlubiyyətini qəbul etdi və o vaxt hələ işğal altında olan torpaqlarımızdan çıxmağa məcbur oldular.
Prezident, Müzəffər Ali Baş Komandan çıxışını bu sözlərlə bitirmişdir:
“ Şərəfli missiya bu gün yaşayan nəslin üzərinə düşüb. Xoşbəxt nəsilik ki, biz bu tarixi hadisənin həm şahidləriyik, həm də iştirakçılarıyıq. Bizdən sonra gələn nəsillər həmişə bu şanlı tarixlə fəxr edəcəklər, Hər bir azərbaycanlı fəxr edir ki, bu torpağın övladıdır. Fəxr edirik ki, döyüş meydanında öz haqqımızı bərpa etdik, düşməni məğlub etdik və bundan sonra biz müzəffər xalq kimi, qalib ölkə kimi əbədi yaşayacağıq”.
Rüstəmova Aybəniz Vilayət qızı, Avrasiya universitetinin Humanitar fənlər və regionşünaslıq kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent