Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy Gelibolu Tarixi Sualtı Parkında batmış 27 metr dərinlikdəki Lundy gəmisinə xatirə dalışı edib. Çanaqqala Boğazının bir hissəsi olan Gelibolu Tarixi Sualtı Parkı, Egey və Mərmərə dənizlərinin qovuşduğu nöqtədə yerləşir və sualtı xəzinələri ilə bütün dünyada dalğıcları özünə cəlb edir.
Troya Mədəniyyət Yolu Festivalı tədbirlərində iştirak etmək üçün Çanaqqalada olan nazir Ersoy Gelibolu döyüşlərinin baş verdiyi Gelibolu Tarixi Parkının rəhbəri İsmail Kaşdemirlə birlikdə Suvla körfəzindəki 27 metr dərinlikdəki Lundy gəmisinə dalıb. 1915-ci ildə batan və vəziyyətini olduğu kimi qoruyub saxlayan 188 tonluq bu nəhəng gəmiyə dalan nazir Ersoy jurnalistlərə açıqlama verib.
Nazir Ersoy, “Keçən il dalğıc mərkəzini açdıq. Bu il Çanaqqalaya çoxlu sayda beynəlxalq dalğıc turisti gəldi. Ümid edirik ki, gələn il bu rəqəmlər daha da artacaq. Bu gün biz Suvla körfəzində tarixi dalış etdik. 1904-cü ildə inşa edilmiş Lundy gəmisi burada batıb və bu günə kimi öz formasını qoruyub saxlayıb. Özünüzü gəmidə gəzirmiş kimi hiss edə bilərsiniz.", - deyə bildirib.
Çanaqqala döyüşlərinin baş verdiyi tarixi Gelibolu yarımadasında 107 il əvvəl batan döyüş gəmiləri ziyarətçilərini “Gelibolu Tarixi Sualtı Parkı”nda qarşılayır. Bir çox hadisələrə şahidlik edən Çanaqqalanın batan gəmiləri Birinci Dünya Müharibəsi mövzulu ilk sualtı parkının bir hissəsi olub.
Gelibolu Tarixi Sualtı Parkındakı ilk dalğıc nöqtəsi 27 May 1915-ci ildə Seddülbahir sahillərində Alman U-21 sualtı qayığı tərəfindən batırılan 120 metr uzunluğundakı İngilis zirehli gəmisi "HMS Majestic"dir. Batan gəmidə partlamamış top mərmiləri və barıt var. 24 metr dərinlikdə olan gəmi dalğıc həvəskarlarının diqqətini çəkir.
Fransız inqilabının mühüm marşallarından birinin adını daşıyan Andrea Massena və onlarla birlikdə son missiyasına çıxan Seqalien gəmisi körfəzdə 5-7 metr dərinlikdə dalğıc sevərləri gözləyir. Hələ də orijinal vəziyyətdə olan gəmilər zamanın dənizin dibində dayandığı təəssüratını yaradır.
Gelibolu Tarixi Sualtı Parkı layihəsi Çanaqqala döyüşləri haqqında məlumatları artırmaq üçün başladılan bir layihədir. Buna paralel olaraq Çanaqqala və Egey dənizində Birinci Dünya Müharibəsindən qalan gəmilərin yerləri və tarixi əhəmiyyəti ən son rəqəmsal texnologiyalardan istifadə edilməklə müəyyən edilib. Bu mənada layihə, Gelibolu döyüşlərində batan gəmilərin gələcək nəsillər üçün qorunub saxlanmasına kömək etmək məqsədi daşıyan bir sualtı tədqiqat layihəsidir.