Ağsu Rayon İcra Hakimiyyəti Ağsu şəhərində daxili yolların əsaslı təmiri ilə bağlı tenderə yekun vurub.
Qaynarinfo xəbər verir ki, tenderin qalibi “ATF” MMC-dir. İcra Hakimiyyəti ilə şirkət arasında bağlanan müqavilənin maliyyə dəyəri isə 495 059.23 AZN-dir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “ATF” MMC 23 dekabr 2003-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 AZN olan şirkətin hüquqi ünvanı Göyçay rayonu, Çayarxı kəndində yerləşir. MMC-nin qanuni təmsilçisi Muradov Təbriz Əzim oğludur.
Araşdırmalarımız zamanı bəlli olub ki, “ATF” MMC əsasən yol tikintisi və təmiri ilə məşğuldur. Şirkətin təsisçiləri Azad, Təbriz və Fəxrəddin Muradov qardaşlarıdır. Qardaşların adlarının baş hərflərinin birləşməsi ilə “ATF” MMC-nin adı yaranıb.
“ATF” MMC-nin əsasən şübhəli tenderlərdə iştirakı barədə mediada xeyli material dərc edilib.
Yeri gəlmişkən, Təbriz Muradovun oğlu Tehran Muradov 17 saylı Yol İstismar İdarəsinin müdiridir. “ATF”in əsasən yolların təmiri və tikintisi ilə bağlı tenderlərin qalibi olması bununla əlaqələndirilir.
Muradov qardaşlarında Fəxrəddin Muradov 2018-ci ildə həbs edilib. Baş Prokurorluğun həmin vaxt yaydığı məlumatdan aydın olur ki, Fəxrəddin Muradov dağ-mədən obyektlərinin istismarı zamanı ətraf mühitin qorunması qaydalarına riayət edilməməsi, eləcə də lisenziyalaşma şərtlərini pozmaqla qanunsuz sahibkarlıqda ittiham edilir.
Göyçay rayon Çərəkə kənd sakini Samir Kərimov isə Fəxrəddin Muradovun həbsini Göyçay çayının üzərindəki körpünün uçması ilə əlaqələndirir. O, ötən il mediada tirajlanan şikayət məktbunuda yazır ki, həmin vaxt körpünün uçmasının əsas səbəbi kimi “ATF” MMC-nin çayın məcrasında kor-təbii şəkildə çınqıl-beton zavodları inşa etməsi göstərilib.
Samir Kərimovun açıqladığı faktlardan biri də “ATF” MMC-nin yol tikintisində 17 saylı Yol İstismar İdarəsinin texnikasından istifadə etməsi ilə bağlıdır.
Bu fakt onu deməyə əsas verir ki, iri məbləğli tenderləri udan şirkətin texniki bazası ya yoxdur, ya da olduqca zəifdir.
Dövlət satınalmalarının vahid internet portalına diqqət etdikdə “ATF” MMC-nin əsasən Ağsu və Balakən rayon icra hakimiyyətlərinin elan etdiyi tenderlərdə qalib gəldiyi məlum olur. Bu tenderlər yol tikintisi və təmiri ilə bağlıdır. Müqavilələrin maliyyə dəyəri də kifayət qədər böyük məbləğlərlı ifadə olunur.
“ATF” MMC-nin Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov tərəfindən himayə olunduğu iddia edilir.