Ötən həftə amerikalı milyarder, “SpaceX” şirkətinin rəhbəri olan İlon Mask bəyan etdi ki, “Starlink” peykləri artıq dünyanı əhatə edib. Hətta Antarktidada da onun xidmətlərindən istifadə etmək olar.
Ən son məlumatlara görə, hazırda 2 300-dən artıq “Starlink” kosmosdadır və 500 mindən artıq aktiv abunəçiyə xidmət göstərir.
Layihəyə start verildiyi 2015-ci ildə isə peyklərin ümumi sayının 4 000-dən çox olacağı planlaşdırılırdı.
Bir sıra ölkələr artıq bu layihəyə qoşulmaq niyyətində olduqlarını açıqlayıblar. Məsələn, Gürcüstanın Milli Kommunikasiya Komissiyası iyunda məlumat yaymışdı ki, “SpaceX”la sıx əməkdaşlıq edilir, iyunun 29-da törəmə şirkət - “Starlink Georgia” yaradılıb. Qonşu ölkə "Starlink”in xidmətlərindən istifadə etməklə dağlıq rayonları və yaşayış məntəqələrini internetlə təmin etmək niyyətindədir.
Azərbaycanda da ölkə ərazisinin 60%-ə qədərinin dağlardan ibarət, ucqarlarda yaşayan vətəndaşların internetə çıxışının məhdud olduğunu nəzərə alaraq bu təcrübəni sınaqdan keçirmək mümkündür. Bununla belə, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, hazırda nazirliyin tabeliyindəki Kosmik Agentlik ("Azərkosmos") peyk internet xidmətlərinin təqdim edilməsi ilə bağlı araşdırmalar aparır, amma hazırda “SpaceX”la hər hansı danışıqlar aparılmır.
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz isə “Report”a bildirib ki, Azərbaycan Ukraynadakı hadisələrdən nəticə çıxarmalı, "Starlink"dən istifadə etməlidir: "Ukrayna və digər ölkələrdə baş verən hadisələr göstərdi ki, hər an belə alternativlərə ehtiyac var. Dünyada qəbul olunan aksioma var: İnternet alternativliyi sevir. Ətrafımızda baş verənlər də onu göstərdi. Ukrayna ondan çox məharətlə istifadə elədi. Hətta hərbi məsələləri də bu yolla həll etdi. Bu böyük iş idi.
Odur ki, Azərbaycanın da yalnız ucqar ərazilərdə "Starlink"dən istifadə imkanlarını nəzərdən keçirməsi doğru olardı. Dövlət xərclərin az olması baxımından da bu layihəyə qoşulmaqda maraqlı olmalıdır. Digər tərəfdən də strateji əhəmiyyət daşıyan sahələrdə də bu alternativlərdən də istifadə edilməsi doğru olardı. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “SpaceX” şirkəti ilə əlaqə qurması və ona münbit şərait yaratması milli maraqlar baxımından da uyğundur”.