“Kəpəz”in elitaya qaytarılmasının AFFA rəhbərliyinin təşəbbüsüylə baş tutması bəlli həqiqətdi. Neftin pullarıyla fəaliyyət göstərən assosiasiyanın baş katibi Elxan Məmmədovun özəlləşdirmə planının tərkib hissəsi olan Gəncə layihəsi şübhəsiz, sağlam düşüncənin məhsulu deyildi.
Bir milyon dollar civarında büdcəylə klub saxlamağın mümkünlüyünü anlayan AFFA başbilənləri “qaynar qazan” imici formalaşdıran Gəncə futbolunu “işğal etmək” arzusunu uğurla həyata keçirdi. Şübhəsiz, sözügedən şəhərin sözükeçən kişilərini də ələ almaq, bu yolla sonradan əlavə problemlər yarada biləcək potensial müxalifəti zəiflətmək də şərt idi. Ölkənin bacarıqlı mütəxəssislərindən birinin - əvvəllər də Gəncənin eyniadlı təmsilçisinin “sükanı arxası”nda sözünü demiş Şahin Diniyevin iş qabiliyyətinin arxasında gizlənmək də yaxşı gediş sayıldı.
Hər kəsi qorxudan məqam rəhbərlikdə təmsil olunan Mehman Allahverdiyevlə Diniyev arasında köhnə insidentlərin yenidən yaranmaq ehtimalıydı. Ancaq hələ “Gəncə” dönəmində dəfələrlə qeydə alınan öyrədilmiş fanat həmlələri, komandadaxili qruplaşdırma nəzərə çarpmadı. Nizami yurdunda xüsusi “çəkiyə” sahib Allahverdiyevin klubdan getməsi isə “hər şey yaxşı olacaq” düşüncəsinə meydan verdi.
Klubdakı işlər bu gün də qaydasında deyil. Bir yandan bərbad durumda olan stadiona “əl gəzdirilməməsi”, digər tərəfdən yerli resurslar hesabına komandaya müəyyən köməklik göstərməyi boyun olanların sözünün üstündə durmaması, o biri tərəfdən də Elxan Məmmədovun söz sahibi statusunu itirməsi...
Bəli, məhz yerli div - Elmar Vəliyev amilinə görə Elxan Məmmədov və himayədarları Gəncə təmsilçisinə bata bilmir. Lap məşhur nağılda deyildiyi kimi, uşaq böyüyüb adamyeyən olub. Neft sektorundakı məlum çöküş üzündən “CBC Sport”un büdcəsi azaldılıbsa, “Kəpəz” qarşısında götürülən öhdəlikləri də yerinə yetimək müşkülə çevrilib. Düzdü, zəif çempionatda komanda hələ də başını girləyə bilir. Dəqiqləşdirsək, Diniyev yenə ortabab futbolçulardan qurduğu kollektivlə futbol ictimaiyyətinə “hər şey o qədər də pis deyil” mesajı göndərir. Amma onun da açıqlamalarından işini itirməkdən qorxmadığını sezmək asandı. Qış fasiləsindən sonra vəziyyət tündləşsə, əsla təəccüblənməyin. Bu aralar “Kəpəz”i övladlığa götürənlər Gəncə klanı üçün ögey ata qədər arzulanmazdı. Pul məsələsi qaydaya salınmasa, AFFA-Gəncə münasibətlərində yeni ştrixlər formalaşacaq. Gözləyək!
Mənbə: Fanat.Az
Digər xəbərlər
loading...