“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti (QSC) 55 ilik yubileyinə hazırlaşır.
Qaynarinfo xəbər verir ki, qurum yubiley tədbirinin təşkil olunması xidmətlərinin satına alınması ilə bağlı müsabiqə elan edib. Müsabiqənin qalibi “AF Media” MMC olub. “Bakı Metropoliteni” QSC görüləcək işlərin müqabilində şirkətə 32.717 AZN ödəyəcək.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “AF Media” MMC 1 fevral 2012-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 12 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, Şamaxı şossesi, ev 5E, mənzil 139-da yeləşir. MMC-nin qanuni təmsilçisi Qənbərov Ülvi Ramiz oğludur.
“AF Media” MMC Azərbaycanın kino bazarında faəliyyət göstərən iki əsas düstribitor şirkətdən biri kimi tanınır. Şirkətin qanuni təmsilçisi Ülvi Qənbərov olsa da, rəhbəri Fikrət Rzayevdir. Açıq mənbələrdə Ülvi Qənbərov və Fikrət Rzayev barəsində məlumatlar məhduddur.
“Bakı Metropoliteni” QSC-nin yubiley tədbirini film şirkətinə tapşırması maraqlıdır. Hər halda “AF Media” MMC metronun tarixi ilə bağlı film hazırlasaydı, bunu başa düşmək olardı. Lakin satınalma müqaviləsinin şərtlərində açıq yazılıb ki, şirkət yubiley tədbirinin təşkili işlərini həyata keçirəcək.
“AF Media” MMC-nin tenderlərdə iştirakı barədə faktlar da məhduddur. Bundan əvvəl şirkət Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit İnkişaf Agentliyi ilə satınalma müqaviləsi imzalayıb. Maliyyə dəyəri 193 685.2 AZN olan müqavilədə mətbuatda elan, bildiriş və reklamların verilməsi, reklam məqsədli təbliğat-təşviqat xarakterli video və audio materiallarının hazırlanması və yayılması və məlumatlandırıcı videoçarxların çəkilməsi işlərinin satın alınması nəzərdə tutulur. “Bakı Metropoliteni” üçün görüləcək işlərdən fərqli bu xidmətlər müəyyən mənada şirkətin profilinə uyğun gəlir.
Xatırladaq ki, 1966-cı ildə Bakı Metropoliteni İdarəsi yaradılıb. 1967-ci il noyabrın 6-da isə 5 stansiyadan ibarət - "Bakı Soveti" (indiki - "İçərişəhər"), "Sahil", "28 Aprel" (indiki - "28 May"), "Gənclik" və "Nərimanov" stansiyalarından ibarət 9,2 km-lik yeraltı xətt istifadəyə verilib.
“Bakı Metropoliteni” QSC-nin rəhbəri Zaur Hüseynovdur. O, 27 fevral 2014-cü ildən bu vəzifədədir.