Prezident İlham Əliyev sentyabrın 16-da Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitində çıxış etdi...
Prezident ilk öncə çıxışında Azərbaycanın tranzit və nəqliyyat-logistika imkanlarından danışdı. Dövlət başçısı bildirdi ki, Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələrinin işə düşməsinə töhfələr verib.
Azərbaycanın 18 təyyarə ilə regionumuzda ən böyük mülki hava yük donanmalarından birinə malik olduğunu nəzərə çatdıran prezident İlham Əliyev onu da qeyd edib ki, 2024-cü ilin sonuna qədər ölkədə beynəlxalq hava limanlarının ümumi sayı bugünkü 7-dən 9-a çatdırılacaq.
Eyni zamanda prezident bildirib ki, 2020-ci ilin sonunda Qarabağ münaqişəsinin həlli regionumuzda nəqliyyat-kommunikasiya layihələrinin inkişafı üçün yeni imkanlar yaradıb. Məlumdur ki, Zəngəzur dəhlizi açıldıqdan sonra Azərbaycanla əməkdaşlıq edən ölkələrinin nəqliyyat imkanları da artacaq. Amma hələ ki, Zəngəzur dəhlizinin açılmasına mane olan bəzi qüvvələr buna imkan vermir. Buna baxmayaraq Zəngəzur dəhlizi açılacaq və Azərbaycan, o cümlədən bir çox ölkələr bu dəhlizdən istifadə edəcəklər.
Çıxışında sentyabrın 13-də Ermənistanın Azərbaycanla dövlət sərhədində genişmiqyaslı törətdiyi hərbi təxribat da toxunan Prezident bildirib ki, Azərbaycan ordusu bu təxribatın qarşısını qətiyyətlə aldı. Ancaq Ermənistanın bu təxribatı iki ölkə arasında normallaşdırma prosesinə böyük bir zərbədir. Beynəlxalq təşkilatlar da Ermənistanın bu təcavüzkar siyasətinə qarşı susqunluq nümayiş etdirirlər. Hətta böyük güclər Ermənistana dəstək verirlər və Azərbaycanı günahkar çıxarırlar. Heç nəyə baxmayaraq Azərbaycan öz fəaliyyətini beynəlxalq hüquqa, ədalətə əsaslanaraq həyata keçirməkdə davam edəcək və bu yolda da son ana qədər qələbə qazanacaq.
Nizami Rayon İcra Hakimiyyətinin məsul işçisi, MMP-nın Siyasi Şura və İdarə Heyətinin üzvü Könül İsmayılova
Milliyol.az