Sabiq rabitə və yüksək texnologiyalar naziri (İndiki Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi) Əli Abbasovun oğlu Eldar Abbasov Dövlət Gömrük Komitəsindən (DGK) kənarlaşdırılıb.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Komitənin Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin rəis müavini Eldar Abbasov müvafiq əmrlə vəzifəsindən azad edilib.
Əldə etdiyimiz digər məlumata görə, Eldar Abbasov son bir neçə ayda gömrükdə keçirilən əməliyyatlar zamanı saxlanılan vəzifəli şəxslərin cinayət işi ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən dindirilib.
Məsələ ilə bağlı Dövlət Gömrük Komitəsinə müraciət etsək də, sorğumuza cavab verilməyib.
Qeyd edək ki, ötən ay Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin rəisi, general-mayor Təmkin Xəlilov Dövlət Gömrük Komitəsinin sədr əvəzi, sədrin birinci müavini Şahin Bağırovun müvafiq əmri ilə vəzifəsindən azad edilərək, təqaüdə göndərilib. Generalın qardaşı oğlu, gömrük inspektoru Emin Xəlilov 30 mart 2021-ci ildə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən Baş Gömrük İdarəsində keçirilən əməliyyat zamanı saxlanılaraq həbs edilib.