Sentyabrın 15-də İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının növbəti iclası keçirilib.
MilliYol.az xəbər verir ki, iclasda əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Şirkətin Baş Direktoru Balakişi Qasımov İctimai Teleradionun yeni mövsümə hazırlıq məsələləri, həyata keçirilməsi planlaşdırılan layihələr barədə Şura üzvlərinə ətraflı məlumat verib. Ayrı-ayrı verilişlərin ictimai əhəmiyyəti, aktuallığı haqqında ayrıntılı müzakirələr aparılıb. Çıxış edən Yayım Şurasının sədri Muxtar İmanov, Şura üzvləri – Zemfira Qafarova, Azər Həsrət, Yusif Babanlı, Azər Əliyev, Sevil Yusifova, Salman Musayev həyata keçirilən layihələr və planlaşdırılan işlər barədə fikir və təkliflərini səsləndiriblər.
Daha sonra Baş Direktorun təqdimatına əsasən, bəzi vəzifələr üzrə kadr təyinatı və struktur dəyişiklikləri müzakirə edilib.
Yayım Şurasının qərarı ilə Osmanova Günel Aslan qızı İctimai Televiziya və Radio Yayımları Şirkəti Mərkəzi Aparatının rəhbəri, Yusifzadə Aynur Firuddin qızı İnsan Resursları departamentinin direktoru, Dadaşov Əfsər Əziz oğlu isə Maliyyə departamentinin direktoru vəzifəsinə təyin ediliblər.
Qeyd edilib ki, İctimai Televiziya və Radio Yayımları Şirkətində aparılan kadr və struktur dəyişikliyi iş əmsalının yüksəldilməsinə xidmət edir.