Türkiyənin Azərbaycandakı səfirliyində Bakının erməni-bolşevik işğalından azad olunmasının 104-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə səfir Cahit Bağcı və diplomatik missiyanın nümayəndələri ilə yanaşı Şimali Kipr Türk Respublikasının (ŞKTR) Azərbaycandakı Səfirliyinin təhsil müşaviri Tevfik Ulual, Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Mehmet Süreyya Er, Milli Məclisin deputatları Hikmət Babaoğlu, Ramil Həsənov, Anar İsgəndərov, Aydın Mirzəzadə və digərləri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Bakının Qafqaz İslam Ordusu tərəfindən işğaldan azad olunmasını əks etdirən rəsm sərgisi ilə tanış olublar.
Tədbiri giriş sözü ilə açan Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Ermənistan ordusunun təxribatı nəticəsində şəhid olan hərbçilərimizi anıb, şəhidlərimizin yaxınlarına səbr diləyib.
"104 il bundan öncə Anadolunun hər bir cəbhəsində böyük zəfər qazanan 107 türk əsgəri Nuru Paşanın rəhbərliyi altında qardaşlarının köməyinə gəldilər. 1918-ci ildə Qafqaz cəbhəsində böyük qələbə qazanıldı və Bakının azadlığı təmin edildi. Azərbaycanın hər bir bölgəsində açan lalələr şəhidlərimizi təcəssüm etdirir. Hər zaman deyirik ki, şəhid olan hər bir əsgər yeni şəhadətlərə ilhamdır. Bunlardan ən dəyərlisi bəlkə həyatlarında heç vaxt görmədikləri torpaqlar uğruna şəhid olan əsgərlərimizdir. Onlar anasından, babasından, nənəsindən dinlədiyi Qarabağ üçün 44 günlük müharibə ilə böyük zəfər qazandı. Nəticədə 30 ilə yaxın düşmən işğalında qalan Qarabağ azad edildi. Ermənilərin Qarabağ üzrərindəki haqq iddiaları heç şübhəsiz ki, bitməyəcək. Amma Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi dəmir yumruq yerindədir. Torpaqların azadlığı uğrunda bu gün də şəhidlərimiz var. Bir daha hər birinə Allahdan rəhmət diləyirəm" - deyə səfir qeyd edib.
Sonra çıxış edən Milli Məclisin deputatı Anar İskəndərov 15 sentyabr hadisələrinin tarixindən danışıb.
O bildirib: "O vaxt Nuru paşa ölkəmizdə coşqu ilə qarşılandı. Azərbaycan türk qardaşlarını xilaskar kimi görürdü. Dünya tarixində heç bir millət başqa dövlətin müstəqilliyi uğrunda döyüşməyib. Amma türklər qardaşlarımız olduqları üçün onlar bizim suverenliyimizə görə canlarından keçdilər. Eynilə azərbaycanlılar da Çanaqqala savaşında öz qardaşlarına kömək ediblər.Azərbaycan Türkiyəni hər zaman öz yanında görüb. Bunun ən bariz nümunəsi Vətən müharibəsində oldu. Şuşa Bəyannaməsi isə Azərbaycan-Türkiyə qardaşlığını daha da möhkəmləndirdi.”
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva qeyd edib ki, 104 il əvvəl türk və Azərbaycan əsgərləri çiyin-çiyinə tarix yazdılar. Nuru paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusu Azərbaycana gələrək Bakını işğaldan azad etdi.
"Bakının azad olunması Azərbaycan-Türkiyə qardaşlığının möhkəmlənməsində müstəsna rol oynadı. Son dövrləri də nəzərə alsaq görərik ki, iki ölkə bir-birinə hər zaman dəstək verib. Beynəlxalq təşkilatlarda da dövlət və hökumət başçıları Azərbaycan və Türkiyənin maraqlarını ilk sıraya qoyurlar", - deyə Günay Əfəndiyeva vurğulayıb.
Milli Məclisin deputatları Aydın Mirzəzadə, Hikmət Babaoğlu, Ramil Həsən 15 sentyabr tarixinin əhəmiyyətindən danışıb, Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkənin qardaş Türkiyə olduğunu, Türkiyə və Azərbaycan prezidentlərinin bütün beynəlxalq platformalarda bir-birini hər zaman müdafiə edib dəstəklədiklərini qeyd ediblər. Deputatlar Şuşa Bəyannaməsinin mühüm əhəmiyyətini bir daha diqqətə çatdırıblar.
Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Mehmet Süreyya Er çıxışında deyib ki, bu gün çox əhəmiyyətli bir tarixi qeyd edirik. Çünki sentyabrın 15-də Nuru Paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusu Bakını erməni-daşnak dəstələrindən azad edib.
Müştərək tariximizin qürurlu hədislərlə zəngin olduğunu bildirən Baş katib qeyd edib: "Türk dövlətləri dünyada böyük gücə sahibdirlər. Onlar bir-birinə dəstək verərsə, böyük güc formalaşdıra bilərlər. Hazırda türk dünyasının birliyi böyük əhəmiyyət kəsb edir”.
Xəzər Universitetinin Tarix və Arxeologiya departamentinin müdiri dosent Telman Nüsrətoğlu 15 sentyabr hadisələri və Azərbaycan-Türkiyə əlaqələrinin tarixi haqqında sənədləri təqdim edib. Cənubi Qafqazda ermənilərin yerləşdirilməsi haqqında danışıb. Həmçinin Osmanlı-Azərbaycan münasibətlərinə nəzər salıb.
Digər xəbərlər
loading...