Müasir Müsavat Partiyasının sərhəddəki son hadisələrlə bağlı bəyanatı...
Sentyabrın 13-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonları istiqamətində törətdiyi genişmiqyaslı təxribatlar bir daha bütün dünyaya göstərir ki, rəsmi İrəvan öz revanşist niyyətlərindən əl çəkmir. Ermənistanın revanşist siyasəti bütün region üçün təhdid yaradır. Görünən odur ki, regionda sabitlik, davamlı inkişaf və sağlam dialoq mühitinin yaşanması destruktiv qüvvələrin marağında deyil.
Müasir Müsavat Partiyası olaraq Ermənistanın təxribatlarının və revanşist cəhdlərinin beynəlxalq ictimaiyyət tərəfindən şiddətlə qınanılmalı olduğunu bildiririk. Eyni zamanda rəsmi İrəvandan beynəlxalq normalara riayət edilməsi tələb olunmalıdır. Prezident İlham Əliyevin regionda sülh çağırışlarına rəğmən rəsmi İrəvanın Ermənistanda revanşizm əhvalının dəstəklənməsi faktdır. Buna görə də ədalətli mövqelərdən və beynəlxalq hüququn normalarından çıxış edən Azərbaycanın tərəfdaş ölkələrinin sayı artmalıdır.
Partiya olaraq bəyan edirik ki, rəsmi İrəvan dünyada hərbi cinayətkar və terrorçu ölkə kimi tanınılmalıdır. 13 sentyabr tarixində baş vermiş təxribat bir daha rəsmi İrəvan tərəfindən mina xəritələrinin Azərbaycana təhvil verilməməsi məsələsini aktuallaşdırır. Çünki xəritələrin verilməməsi Ermənistanın hərbi hücumlarını asanlaşdırdığı halda, Azərbaycan üçün əksinə, müdafiənin təşkilini əsaslı şəkildə çətinləşdirir. Dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar da Ermənistanı mina xəritələrini vermədiyinə görə qınamalıdır. Həmçinin rəsmi İrəvan buna görə hüquqi məsuliyyət daşımalıdır.
13 sentyabr tarixli insident və bu kimi digər erməni təxribatları ölkədə həmrəylik mühitinin və siyasi sabitliyin qorunmasının müstəsna əhəmiyyətini göstərir. O da qeyd edilməlidir ki, 13 sentyabr tarixində yaşanmış insident ATƏT-in Minsk Qrupunun dirçəltməsinə xidmət edən simulyasiyadır. Amma Azərbaycan prezidenti bu barədə öz qəti mövqeyini bildirib. ATƏT deyilən təşkilat artıq Azərbaycan üçün yoxdur və bundan sonra da ola bilməz.
Milliyol.az