Bir neçə gün əvvəl Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun elmi işçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru Ruşanzadə Ruşan Ələmşah oğlunun hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılması barədə məlumat vermişdik (http://milliyol.az/news.php?id=5150). Bu gün Ruşan Ruşanzadə prezident İlham Əliyevə müraciət edib.
"ƏDALƏTƏ NƏFƏS VERİN!!!" başlıqlı müraciətin sürəti Prezident Aparatının rəhbəri Ramiz Mehdiyevə, AMEA-nın prezidenti akademik cənab Akif Əlizadəyə, AMEA-nın I vitse prezidenti, Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri akademik İsa Həbibbəyliyə, Baş Prokuror Zakir Qaralova və daxili işlər naziri Ramil Usubova göndərilib. Həmin müraciəti olduğu kimi təqdim edirik.
Hörmətli Prezident !
Hörmətli dövlət xadimləri!
2008-ci ildən əyani doktorant, 2011-ci ildən elmi işçi olduğum AMEA-nın Fəlsəfə İnstitutunda baş verən hadisələrə həqiqət naminə aydınlıq gətirmək üçün İnstitut heyəti və “Siyasi nəzəriyyələr” şöbəsinin əməkdaşları tərəfindən müşahidə edilən məqamları diqqətinizə çatdırmaq istərdim.
Öncə qeyd edim ki, hazırkı Fəlsəfə İnstitutu ötən aylara kimi “Fəlsəfə və Hüquq İnstitutu” adı altında fəaliyyət göstərmiş, lakin 2013-cü ilin birinci yarısından etibarən özünü “hüquq elmlər doktoru” kimi qələmə verən Xaliq Əhmədzadənin İnstituta gəlişindən sonra normal iş fəaliyyətinə müdaxilə edildiyinə görə elmi mühitdə ciddi gərginlik, ictimai nizamsızlıq və ümumiyyətlə destruktiv vəziyyət yaranmış, getdikcə inzibati idarəetmə prinsiplərinin əsasları sarsımış və nəticədə (məlum olduğu kimi) İnstitut bölünmüşdür.
X.Əhmədzadənin İnstitutda törətdiyi hadisələrlə bağlı müxtəlif vaxtlarda, ayrı-ayrı nümayəndələr, xüsusən də İnstitut əməkdaşları tərəfindən KİV-də məqalələr, müraciətlər və çıxışlar səsləndirilmişdir. Səsləndirilən müraciətlərdə təzyiqə məruz qalan tərəf kimi mənim də adım çəkilmiş, X.Əhmədzadənin digər insanlara olduğu kimi mənə qarşı da etdiyi dözülməz hərəkətlər ölkə ictimayətinin diqqətinə çatdırılmışdır. Dəfələrlə adımın qeyd edilməsindən sonra olanlara aydınlıq gətirmək üçün mən bütün hadisələri, yəni, X.Əhmədzadənin qeyri-əxlaqi və qeyri-qanuni hərəkətlərini ifşa edən 16.04.2016-cı ildə AMEA-nın prezidenti hörmətli akademik Akif Əlizadəyə rəsmi və açaq müraciət ünvanladım. (Müraciətə aşağıdakı ünvanlarda baxmaq olar).
http://afn.az/gundem2/36079-amea-prezidentine-shok-mektub-4-general-deleduzu-qoruyur.html
http://www.dia.az/8/106098-amea-emekdashindan-akif-elizadeye-sensasion-muraciet.html
http://www.tezadlar.az/ustm/14296-amea-mkdandan-akif-lizady-sensasion-mracit.html
Həmin müraciətdən sonra X.Əhmədzadə mənə qarşı daha da qərəz və düşmənlik mövqeyi tutaraq Yasamal Rayon Məhkəməsində barəmdə xüsusi ittiham qaydasında iddia qaldırdı.
Cənab Prezident!
Məhkəmədə mənim barəmdə edilən iddiadan sonra məcbur olub X.Əhmədzadənin əməllərinin yalnız bir məqamını göstərməklə 10.05.2016-cı ildə Sizə açıq müraciət etdim. (Müraciətdən sonra X.Əhmədzadə hərəkətlərini etiraf etdi və mənim barəmdə xüsusi ittiham qaydasında qaldırdığı iddialara məhkəmədə xitam verildi). Sizə açıq müraciətimin nəticəsində 18.05.2016-cı ildə Baş Prokurorluqda İdarə rəisi hörmətli Kamal Qılıcov məni qəbul etdi. Mən qəbuldan çıxıb işlədiyim şöbəyə gəldim və əməkdaşlarım qəbulda olduğuma dair müəyyən mənada məlumatlı oldular. Bundan xəbər tutan X.Əhmədzadə özünü sığortalamaq və hadisələri qabaqlamaq üçün mənə qarşı xüsusi böhtan planı hazırlamağa başlamışdır. Mən həmin böhtanın mövzusu ilə Yasamal RPİ-nin müstəntiqi Əlibala Hacıyevin məni İdarəyə dəvət etməsindən sonra məlumat almışam. Tanış olduğum şikayət sənədlərinin mövzusunda göstərilirdi ki, guya mənim tərəfimdən “18.05.2016-cı il saat 17-30 da (qəbulda olduğum gün) H.Cavid prospektində yerləşən bir yeməkxananın qarşısında üç nəfər qadın döyülmüşdür”. (Qeyd edim ki, ad və soyadlarını içtimailəşdirmək istəmədiyim həmin qadınlar bu və ya digər zəmində X.Əhmədzadənin “ölçülərinə düz gəlməyən” ayrı-ayrı əməkdaşlarımıza da qarşı qoymuşdur. (xüsusən də, fəlsəfə elmləri doktoru Sakit Hüseynova qarşı...) Bunu Fəlsəfə İnstitutunda hər kəs bilir). Mən müstəntiqə yazılı və şifahi izahatımda işin yalan və böhtan olduğunu bildirdim. Növbəti gün yenə Yasamal RPİdarəsinə gedəndə məlumat aldım ki, sənədlər müstəntiq, polis mayoru Abdulla Əliyevə təhvil verilib. A.Əliyev məni hörmətlə qəbul etdi, yüksək peşəkarlığa malilk zabit olaraq məni ədəblə dinlədi. Mən Ona, əks tərəfin etdiyi iddianın uydurma olduğunu isbat edən maddi sübutlar təqdim etdim. Belə ki, AMEA-nın əsas inzibati binasının giriş qapısındakı davamiyyət qeydiyyatı qurğusunun götürdüyü elektron qeydiyyatın surətini çıxartdırıb təstiq edilmiş rəsmi sənəd qismində müstəntiqə təqdim etdim və əsaslandırdım ki, mənə isnad edilən uydurma hadisəyə dair göstərilən vaxtda, 18.05.2016-cı ildə saat 17-30 da mən iş otağında olmuşam, işdən saat 17-51 də çıxmışam...
Dövləti təmsil edən yüksək vəzifəli şəxslərlə xüsusi münasibətdə olduğu təsəvvürünü yaratmaqla onların adından sui-istifadə edən, eyni zamanda, hərəkətlərinə qarşı olan insanları qaralamaq üçün onlar haqda əcaib obrazlar yaradan X.Əhmədzadə, mənə yönəlmiş nifrət və qərəzini idarə edə bilməyərək digər bir plana əl atdı. O, növbəti təxribatında qadınlardan deyil, mənimlə eyni şöbədə işləyən Şahin Bağırovun iradəsiz xarakterindən, zəif təbiətindən, banklara kredit borcu zəminində maddi vəsaitə ehtiyaclı olduğundan istifadə etməklə onu ram etmiş, öz təsirinə salmış və mənə qarşı qoymağa “müvəffəq” olmuşdur. Ş.Bağırovun mənə qarşı qoyulmasını asanlaşdıran bir amil də var idi. Həmin amilin qeyd edilməsini zəruri bilirəm.
Hələ bir il öncə Ş.Bağırov mənə yaxınlaşıb özünün “dissertasiya işi”ni oxumağımı, işlə bağlı keçiriləcək müzakirədə rəy xarakterli çıxış etməyimi xahiş etmişdir. Mən etiraz etməyib həmin dissertasiya işi ilə tanış oldum və əksər hissəsinin sadəcə, rus dilli elmi ədəbiyyatdan tərcümə, köçürülmə olduğu qənaətinə gəldim. “Dissertasiya işi” nəinki qneselogiya, aksiologiya epistemelogiya və s. vacib tələblər baxımından, ilk öncə məntiqi nöqteyi-nəzərdən qüsurlu olduğuna görə (sübut üçün həmin “dissertasiya işi”nin üzərində qeydlərim olan nüsxəsini saxlayıram) mən Ş.Bağırovun özünə anladaraq müzakirədə iştirak etmədiyim, və orada onun istədiyi pafoslu çıxışla onu tərifləmədiyim üçün mənə qarşı qənim kəsildi və X.Əhmədzadənin təsiri ilə haqqımda daima dezinformasiya yaymaqla məşğul oldu. Nəticədə mən onunla bütün ünsiyyətimi kəsdim. Onu da vurğulayım ki, Ş.Bağırov şöbədə və İnstitutda ayrı-ayrı vaxtlarda bir çox insanları təhqir edib və elə həmin səbəbdən hazırda çox sayda insan onu dindirmir. Xüsusən, onun “dissertasiya işi” haqqında mənfi fikirdə olduğuna görə Ş.Bağırov tərəfindən kobudluğa, təhqirə məruz qalan “Sosial fəlsəfə” şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru, professor Azər Mustafayevin şikayəti əsasında İnstitut direktoru fəlsəfə elmləri doktoru İlham Məmmədzadənin əmri əsasında “Cinayət Hüququ” şöbəsinin müdiri hüquq elmlər doktoru, professor İsaxan Vəliyevin sədirliyi ilə xüsusi komisya yaradılmış və Ş.Bağırovun qeyri-qanuni hərəkətləri araşdırılıb sənədləşdirmlişdir. (Yəqin ki, həmin sənədlər İnstitutda saxlanılmış, surəti isə YRPİ-nə göndərilmişdir).
Cənab Prezident !
25.11.2016-cı ildə işə gələndə IV mərtəbədə liftin qabağında hüquq elmləri doktoru, general, hörmətli ağsaqqal Mirağa Cəfərquluyevlə qarşılaşdım və salamlaşıb görüşdüyümüz təqdirdə bizim şöbənin qapısı açıq olduğundan Ş.Bağırovun yüksələn səsi və kobud, təhqiramiz sözləri dəhlizi bürümüşdü. Hörmətli Mirağa müəllimin mənə, -“sən təmkinli ol” deməsi məni ayıq saldı, lakin elə fikirləşdim ki, Ş.Bağırov yenə hansısa əməkdaşla dava edir. Otağa daxil olanda yoldaşlar mənə bildirdi ki, “dünən sən ümumi istifadədə olan kompütor masasını difardan aralı çəkdiyin üçün səs-küy edir”. Mən də şöbə müdiri, fəlsəfə elmləri doktoru Afaq Rüstəmovaya yaxınlaşdım və bildirdim ki, -“Afaq xanım! Divarla masa arasında töküntü varıydı, ona görə masanı divardan mən aralamışam ki, xadimə görsün və təmizləsin”. Afaq xanım da bildirdi ki, -“elə mən də təmizlik məqsədilə çəkildiyini fikirləşdim”. Bu dəmdə Ş.Bağırov məsələnin məntiqini həzm edə bilməyərək səs-küyünün və təhqiramiz sözlərinin yersiz olduğunu etiraf etmək əvəzinə ədavətlə çoxdan bəri gözlədiyi “məqamı fövt etməyib” əməkdaşların gözü qarşısında gözləmədiyim halda sol tərəfdən sol gözüm nahiyəsinə əl zərbəsi endirdi və hücum çəkib məni itələyib yıxmağa cəhd etdi. (Qeyd edim ki, maddi subut qismində bu hadisəni bütövlükdə əks etdirən danışıq səsləri var və mən həmin maddi subutları disk halında istənilən müstəntiqə təqdim edə bilərəm).
Bu hasisədən dərhal sonra mən DİN-nin 102- xidmətinə ətraflı məlumat verdim. Eyni zamanda otağı təmizləyən xadimə Təranə xanımı çağırdım və O, hamının arasında Afaq xanıma bildirdi ki -“bəli mən həmin yeri təmizlədim, lakin masanı yerinə çəkmədim”.
Bundan təqribən 20 dəqiqə sonra sabiq əməkdaşımız Zaur Əliyev otağa gəldi, əlimdən tutub xahiş etdi ki, Ş.Bağırov sənə üzr bildirmək istəyir... Mən Z.Əliyevə etiraz etdim. Hadisədən 40 dəqiqə sonra Yasamal RPİ-nin 28-ci polis bölməsinin əməkdaşları hadisə yerinə gəlmiş, şöbədə hal şahidlərinin yanında məndən ərizə və izahat götürmüşlər. Eyni zamanda hadisə ilə əlaqədar rəsmi ərizə ilə direktora müraciət edib hadisəni törədən şəxs barəsində inzibati-hüquqi tədbir görməsini ondan xahiş etmişəm.
Mənim mövqeyimdən təşvişə düşən Ş.Bağırov sonradan məni netirallaşdırmaq və hadisəyə başqa rəng vermək cəhdi ilə 28-ci polis bölməsinə getmiş və mənim barəmdə böhtan mativli şikayət etmişdir ki, guya mən şöbədə dövlət əlehinə danışanda O, mənə münasibət bildirdiyi üçün tərəfimdən döyülmüş və ayağına xəsarət yetirilmişdir... Yuxarıda qeyd etdiyim kimi, axırıncının tam böhtan olduğunu sübutu üçün hal şahidlərinin ictimai rəyi və digər sübut vasitəsi mövcuddur. Ş.Bağırovun yalan və böhtan əməllərinin əyani sübutu üçün mənimlə bağlı KİV-də ictimailəşən bir yazısının bəzi məqamlarını fakt surətində Sizin diqqətinizə çatdırıram.
http://www.moderator.az/news/161957.html “1979-ci il təvəllüdlü Ruşanzadə Ruşan Ələmşah oğlu kimi saxta şəxsiyyət vəsiqəsinə sahiblənən... KİV-lərin və bütün elektron saytların vasitəsi ilə Azərbaycan oxucularının diqqətinə çatdırmaq istəyirəm ki, əvvəla Ruşanzadə Ruşanın Ali təhsil barədə diplomunun tam saxta olduğu aşkarlanıb. Onun "diplomu" Təhsil Nazirliyinin müvafiq qurumunda şəffaf və düzgün nostrifikasiya olunmayıb”...
Burada ikisi görünən, biri görünməyən olmaqla üç mühüm hadisəni ifadə edən və sual doğuran məqam var. Həmin məqamları şərti qaydada açıqlayıram.
I. Əgər mən saxta şəxsiyyət vəsiqəsinə sahibəmsə bəs niyə DİN indiyə qədər bu hadisəni müəyyən etməyib?!!!
II.Əgər mənim diplomum şəffaf və düzgün təstiq edilməyibsə deməli, Təhsil Nazirliyinin (həmin tarixdəki) rəhbərliyi “cinayət” edib !!!
III. Əgər mən saxta şəxsiyyət vəsiqəsilə və saxta diplomla AMEA-nın müvafiq İnstitutuna əyani doktorant və elmi işçi qəbul edilmişəmsə deməli aidiyyəti İnstitutun rəhbərliyi “cinayət” edib!!!
Yox, əgər belə deyilsə onda bu böhtanı iddia edən Ş.Bağırov çox savadsızdır və onun mövcudluğu saxtadır... Çünki bu üç məqamda Ş.Bağırovun böhtanları mənə deyil, birbaşa aidiyyəti dövlət qurumlarına isnad edilir. Təkcə yuxarıdakı fakt kifayətdir ki, bu gün Azərbaycanın ən ali elm ocağında kimlərin yuva saldığını açıq-aydın göstərə.
Ş.Bağırovun mənə qarşı etdiyi hərəkətlərdən istifadə edən X.Əhmədzadə planlarına uyğun olaraq özü üçün “əlverişli vasitə” əldə etdiyindən 25.11.2016-cı il tarixindən etibarən mənim işdən çıxarılmağım üçün günlərlə, davamlı surətdə İnstitut direktoru İlham Məmmədzadəyə təsir və təzyiq etmiş, nəhayət İlham Məmmədzadə ezamiyyətə getdiyi gün mənim işdən azad edilməyimə dair saxta əmr ortaya çıxmışdır. (Artıq, bir sıra saytlarda görüntüsü ölkə ictimaətinə bəlli olan əmrin saxtalığını sübut etməyə ehtiyac yoxdur). Ona görə bu saxta əmrin mətninin X.Əhmədzadə tərəfindən yazılmasına əmin olduğum qədər də İlham Məmmədzadə tərəfindən imzalanmasına şübhə edirəm. Çünki X.Əhmədzadə bir ildən artıq idi ki, mənim işdən azad edilməyim üçün bütün vasitələrdən istifadə etmiş, lakin nail ola bilməmişdir.
09.12.2016-cı ildə saat 14-00 radələrində İnstitutun “Kadrlar şöbəsi”nə çağırıldığıma görə gedib orada əmrlə tanış olanda sənədin saxta oldğunu əsas tutub etiraz etdim. Həmçinin 12.12.2016-cı ildə yenidən İnstituta getdim və direktorun ezamiyyətdə olması səbəbilə onun müavinləri ilə görüşüb, əmrin surətini onlara verib hadisəyə münasibət bildirməyi xahiş etdim. Beləliklə də işlədiyim şöbəyə gəldim və əmr sənədinin saxtalığına dair şöbə müdiri A.Rüstəmovaya fikirlərimi bildirmək istəyirdim ki, Onu telefona çağırdılar və məlum oldu ki, zəng vuran X.Əhmədzadədir və O, mənim otaqdan qovulmağımı tələb edir.
Xaliqin təzyiqini qəbul etməyən, nəticədə təhqirə məruz qalan A.Rüstəmovanın bütün əməkdaşların arasında halı pisləşdi. Bir qədər sonra mən qonşu otağa keçdim və bundan təqribən 15 dəqiqə keçmiş A.Rüstəmova özü gəlib məni çağırdı ki, bir nəfər tanımadığım adam səninlə danışmaq istəyir. Mən A.Rüstəmovanın otağına keçəndə bir neçə gün əvvəl IX mərtəbənin dəhlizində X.Əhmədzadənin və Ş.Bağırovun yanında dayanan adamı gördüm. Xaliqin qruplaşmasına aid olan, mülkü geyimdə, xidməti vəsiqə təqdim etmədən özünü hüquq mühafizə orqanı nümayəndəsi kimi göstərən, adının Telman olduğunu bildirən şəxs əmrin doğru və qanuni olduğunu bildirməyə çalışanda mən ondan soruşdum ki, -“sənə hansı qurum və ya kim bu səlahiyyəti verib ki, xidməti vəsiqə təqdim etmədən özünü hüquq mühafizə orqanı nümayəndəsi kimi göstərib burada İnstitut direktorunun əmrinə dair şərh verəsən”?! Bu sualımdan sonra Telman məndən iş otağını və binanı tərk etməyi tələb etdi. Mən onun tələbini qəbul etmədikdə O, mənə təzyiq və təhdid göstərdi və belə olduqda əmkdaşlar məsələyə qarışdılar. Belə ki, mən, qonşu otaqda əyləşən hüquq elmləri doktoru professor Habil Qurbanova xahiş etdim ki, beş dəqiqəlik vaxt ayırıb əmrlə bağlı Telmanı anlatsın. Habil müəllim də hörmətlə qəbul etdi və öz otağında əmr adlı sənədin hüquqa zidd və qeyri-qanuni olduğunu bildirdi. Biz dəhlizə çıxdıq və bundan sonra Telmanın yenidən daha da qabarıq şəkildə səsini qaldırıb məndən binanı tərk etməyimi tələb etdiyini görən Habil müəllim otağından dəhlizə çıxıb yaxına gəldi və əsəbini cilovlayaraq -“siz kimsiniz, niyə özünüzü təqdim etmirsiniz” dedi. Telman isə hörmətsizlik göstərərək -“sizə aidiyyəti yoxdur mən kiməm, niyə özümü təqdim etmirəm” deyə qabardı. Fəqət bundan, (Telmanın Habil müəllimə hörmətsizliyindən) sonra mən vəziyyətlə bağlı 102 xidmətinə məlumat verdim.
Məlumat verdiyimi bilən Telman Xaliqə zəng vurdu və bir qədər sonra Xaliqin çağırışı ilə (çağırış edənin kimliyi barədə sual ediləndə 28-ci bölmənin rəisi Hüseyn İmanovun otağında mühafizə polisləri etiraf etdilər ki, -“bizi Xaliq Əhmədzadə çağırdı. Biz əvvəl onun otağına qalxdıq, sonra IV mərtəbəyə gəldik”) otağa mühafizə polisləri gəldi və Telmanın göstərişi ilə bütün əməkdaşların gözü qabağında heç bir səbəb olmadan olduqca kobud və təhqiramiz davranışla qollarıma buxov bağlayıb məni YR 28-ci polis bölməsinə apardılar. Hadisə ilə əlaqədar fəlsəfə elmləri doktoru, professor, Pyotr Elm və İncəsənət Akademiyasının akademiki hörmətli filosof Əbülhəsən Abbasov dərhal AMEA-nın I vitse prezidenti, Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri hörmətli akademik İsa Həbibbəyliyə zəng vuraraq və Fəlsəfə İnstitunda baş verən hadisələri bildirib. Beləliklə də İsa müəllimin tədbiri nəticəsində mən yarım saatdan sonra azad edildim. Mənə göstərdiyi qayğılı münasibətinə görə zəng vurub Əbülhəsən müəllimə və İsa müəllimə öz təşəkkür və minnətdarlığımı bildirdim.
Cənab Prezident!
Məsuliyyətlə diqqətinizə çatdırmaq istərdim ki, əyani doktorant olduğum vaxtdan indiyədək İnstitutda (qeyri-əxlaqi və qeyri-qanuni hərəkətlərini tənqid etdiyim X.Əhmədzadədən başqa) mənim heç kimlə təsadüfi və ya qeyri-adi münasibətim olmamış, bütün kollektivlə subordinasiyon və harmonik ünsiyyətdə olmuşam. (İnstitutun rəhbərliyi və şöbə müdirləri başda olmaqla bütün əməkdaşlarım bunu təstiq edə bilər). Haqqımda yayılan şayələr və yaradılan böhtanlar yalnız bir nəfər şəxs tərəfindən törədilməkdədir.
Onu da vurğulayım ki, 17.01.2014-cü ildə müdafiə etdiyim disertasiya işi “Siyasi maraqlar və siyasi əxlaq: qarşılıqlı əlaqə problemləri” mövzusunda olmuşdur. Hazırda üzərində işlədiyim və yenkunlaşdırdığım monoqrafiyam da (əlyazma hüququnda) “Dövlət Əxlaqı” adlanır. Ona görə də mən ictimai həyatda sadəcə, yazdığım əsərləri əməli olaraq müdafiə etmək məqsədində olmuşam. Xüsusən də yaxın ətrafımda İNSAN amilinə qarşı yönələn proseslərə laqeyd və biganə qalmamışam. İnstitutda qarşılaşdığım hadisələrin əsas səbəbi də məhz bu olub.
Mənim öz işimdə qalmağıma dəstək olmağınızı, həyatımın təhlükə altında qaldığını nəzərə alaraq yuxarıda qeyd edilən haddisələrin aidiyyəti dövlət qurumları tərəfindən ciddi nəzarətə götürülməsinə diqqət yetirməyinizi Sizdən xahiş edirəm.
MilliYol.Az
Digər xəbərlər
loading...