Qarabağda şəhərsalma işlərini məmur öz oğlunun şirkətinə həvalə edib. Dəyəri 11 milyon 304 min manat olan 22 müqavilə müsabiqə keçirilmədən bağlanıb.
Hökumət adından bu müqavilələrin bağlanmasını Dövlət Şəhərsalma və Arxitektura Komitəsi öz tabeliyindəki quruma - Ərazi Tikinti-Planlaşdırma Mərkəzinə həvalə edib. Qurum Şuşa rayonunun Daşaltı kənd yaşayış məntəqəsinin salınmasının şəhərsalma əsaslandırılması işlərini “Feniks-AA” MMC-yə təqdim edib.
Aydın Aydınlı “Feniks-AA” şirkətinin direktorudur. 27 yaşlı şirkət rəhbəri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini İlqar İsbatovun oğludur.
Qeyd edək ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, “Feniks-AA” MMC 6 noyabr 2001-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 152, mənzil 66-da yerləşir.
“Feniks-AA” MMC 2001-ci ildən fəaliyyət göstərsə də, haqqında açıq mənbələrdə məlumatlar məhdudddur. Yerli mediada şirkətin bir neçə iri məbləğli tenderlərin qalibi olması barədə xəbərlər dərc edilib.
Aydın Aydınlının atası İlqar İsbatov 2002-2008-ci illərdə “Feniks-AA” MMC-nin direktoru vəzifəsində çalışıb. 2008-ci ildən 2019-cu ilin iyun ayına qədər Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Dövlət Layihə İnstitutunun direktoru olub. 19 iyun 2019-cu il tarixdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini vəzifəsinə təyin edilib.
İlqar İsbatov 9 aprel 2010-cu il tarixdə “Tərəqqi” medalı ilə təltif edilib. 2012-ci ildə Azərbaycan Respublikasının əməkdar memarı fəxri adını alıb. 18 dekabr 2017-ci il tarixdə isə “Şöhrət ordeni” ilə təltif edilib.
Aydın Aydınlının adı gündəmə ilk dəfə 2011-ci ildə gəlib. Həmin il atasına məxsus “Ranger Rover” markalı, 90 FZ 100 nömrəli idarə edən Aydın Aydınlı saat 21:30-da Cavadxan küçəsində 2 yaşlı Altay Rəhimov ad soyadlı uşağı vurub. Həmin uşaq xəstəxanada vəfat edib. Hadisənin sonrakı gedişatı barədə hər hansı məlumat yoxdur.