Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi "Qafqaz Consulting” MMC ilə satınalma müqaviləsi imzalayıb.
Qaynarinfo xəbər verir ki, müqavilənin maliyyə dəyəri 174 922.02 AZN-dir. Müqavilədə ABŞ və Fransada keçiriləcək tədbirlərlə bağlı işlərin və xidmətlərin satın alınması nəzərdə tutulur.
Tenderin şərtlərindən məlum olur ki, komitə ABŞ və Fransada "Qlobal sülh və təhlükəsizlik naminə dinlərarası harmoniya” mövzusunda beynəlxalq konfrans və "Müxtəlif dinlər, ortaq dəyərlər” adlı foto-sərgi keçirməyi planlaşdırır.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Qafqaz Consulting” MMC 5 mart 2012-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 100 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Xətai prospekti, ev 34, mənzil 7-də yerləşir. MMC-nin qanuni təmsilçisi Atabəyli Nigar Ramazan qızıdır.
"Qafqaz Consulting” MMC adından da göründüyü kimi konsaltinq şirkətidir. MMC haqqında açıq mənbələrdə hər hansı məlumat olmasa da, bir müddət əvvəl Dövlət Məşğulluq Agentliyi ilə imzaladığı müqavilədən də şirkətin profili aydın olur. Yeri gəlmişkən, sözügedən müqavilənin maliyyə dəyəri 797 645 AZN-dir.
Nigar Atabəyli barəsində də məlumatlar məhduddur. Onun adına cari ilin aprelində keçirilən "Biznesin hüquqi əsasları” adlı təlimdə rast gəlinir. Nigar Atabəyli həmin tədbirdə təlimçi qismində çıxış edib.