Neftçala rayonunda torpaq qalmaqalı yaşanır.
Rayonun Bankə qəsəbəsinin sakini, Qarabağ müharibəsi veteranı, ikinci qrup əlil İslam Bayramov Qaynarinfo-ya bildirib ki, yerli İcra Hakimiyyəti onu aldadıb. Vətəndaşın sözlərinə görə, 2020-ci ildə Neftçala Rayon İcra Hakimiyyətinə müraciət edərək, "Kür Ağzı" ərazisindən 100 hektar torpaq sahəsi ayrılmasını xahiş edib.
“Bizə cavab gəldi ki, həmin ərazidə monitorinq aparılır. Bundan sonra sizə torpaq ayrılacaq. 2021-ci ildə hazırda 61 saylı Neftçala Seçki Dairəsinin sədri olan, həmin vaxt isə İcra Hakimiyyətində Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsini daşıyan Zaur Kərimov bizə dedi ki, icra başçısı Mirhəsən Seyidovun tapşırığı ilə sizə deyilən ərazidən 100 hektar torpaq sahəsi ayrılır. Bundan sonra gedib həmin ərazini ölçdük. Sənədlərimizi aldılar və dedilər ki, "Kür Ağzı"nın sağ hissəsində 100 hektar torpaq sahəsi sizindir. Hətta həmin ərazidəki otu da biçdik. Yeri gəlmişkən, otu Zaur Kərimovla 50/50-yə biçmişik", deyə İslam Bayramov bildirib.
Vətəndaş deyib ki, Zaur Kərimov torpaq sahəsinin onlara ayrıldığını desə də, sənədləri verməyib: “Əkin vaxtı çatanda dedik ki, bəs sənədləri versin. Çünki artıq əkin başlayıb və biz də qanuni şəkildə öz işimizi görmək istəyirik. Zaur Kərimov dedi ki, narahat olmayın, sənədləriniz hazırlanır. 2021-ci ilin sentyabr ayında bizə bir neçə sənədə imza atdırdı və dedi ki, narahat olmayın, sənədləriniz Əmlak Məsələləri Dövlət Xidmətinə göndərilir”.
Bundan sonra İslam Bayramov ərazini şumlatdırıb. Üstəlik Zaur Kərimov ona əlavə 100 hektar ərazi də şumlatdırıb: “Zaur Kərimov dedi ki, əlavə 100 hektar sahə də var. Bir nəfərindir. Oranı da şumla və həmin şəxslə şərikli ək. Qazancdan da şəhid ailələrinə yardım edərsiniz. Şum bitəndən sonra isə həmin torpaq sahəsini əlimizdən aldı”.
Digər 100 hektarlıq torpaq sahəsinə gəlincə, Əmlak Məsələləri Dövlət Xidmətinin Komitəsinin əməkdaşları ərazinin zəbt edildiyini bildiriblər. İslam Bayramov məsələ ilə əlaqədar icra başçısı Mirhəsən Seyidovun qəbuluna gedib: "Başçı dedi ki, narahat olmayın. Torpaq sahəsini sizə biz ayırmışıq, arxasında da dayanacağıq. Lakin iş məhkəməyə getdi. Məhkəmədə isə Zaur Kərimovun vəzifəsinə təyinat alan Aqil Quliyev ifadə verərək, torpaq sahəsinin zəbt edildiyini bildirdi. Beləliklə, bizi aldatdılar”.
İslam Bayramov bundan sonra Zaur Kərimovdan şikayətçi olub: “Zaur Kərimov barəsində şikayət ərizələri yazmağa başladıq. O da gördü ki, yazırıq, bizə dedi ki, sənədləri hazırlayın, torpaq sahəsi ayrılacaq. Biz də sənədləri hazırlayıb verdik. Lakin İcra Hakimiyyətindən cavab gəldi ki, həmin ərazidə sizə torpaq sahəsi ayrıla bilməz. Təsəvvür edin, həmin ərazini şumlayanda keçmiş icra başçısı Əbülfəz Ağayev bizə mane olurdu. Zaur Kərimov ona zəng edərək bildirdi ki, tapşırıq Mirhəsən Seyidovundur. İndi necə olur ki, torpaq sahəsi ayırmaq mümkün olmur, guya qanun imkan vermir?! Sadəcə bizi aldadıb, 200 hektar yer şumlatdırıblar, müəyyən işlər gördürüblər”.
Qaynarinfo məsələ ilə əlaqədar Zaur Kərimovla əlaqə saxlayıb. O, İslam Bayramovun iddialarına münasibət bildirmək istəməyib. Zaur Kərimov “Mən bir ildən çoxdur ki, ordan işdən çıxmışam” deməklə kifayətlənib.
Neftçala Rayon İcra Hakimiyyətindən də İslam Bayramovun iddialarına münasibət öyrənmək mümkün olmayıb.