Prezident İlham Əliyev Qarabağ iqtisadi rayonuna daxil olan Ağdam, Füzuli, Xocavənd və Tərtər rayonlarının işğaldan azad olunmuş ərazilərinin yaşayış məntəqələrində (şəhər, kənd, qəsəbə) tikinti, təmir və bərpa işləri ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
MilliYol.az xəbər verir ki, Sərəncamla Qarabağ iqtisadi rayonuna daxil olan Ağdam, Füzuli, Xocavənd və Tərtər rayonlarının işğaldan azad edilmiş ərazilərində yaşayış məntəqələrinin (şəhər, kənd, qəsəbə) tikintisi, təmiri və bərpası işlərinin layihələndirilməsi və həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən “Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsə ilkin olaraq 3 milyon manat vəsait ayrılıb.
Sərəncamla Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarının işğaldan azad edilmiş ərazilərində yaşayış məntəqələrinin (şəhər, kənd, qəsəbə) tikintisi, təmiri və bərpası işlərinin layihələndirilməsi və həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən "Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsə ilkin olaraq 2 milyon manat vəsait ayrılıb.
Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.
Prezident Kəlbəcər şəhərində məktəb binasının layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında da Sərəncam imzalayıb.
Sərəncamla Kəlbəcər şəhərində 960 şagird yerlik tam orta məktəb binasının layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə ilkin olaraq 300 min manat ayrılıb.