Xaçmaz Rayon İcra Hakimiyyəti builki abadlıq işləri ilə bağlı elan etdiyi açıq tenderin qalibini açıqlayıb.
İndex.az iqtisadiyyat portalı xəbər verir ki, 1.228 milyon manatlıq tenderin qalibi “Taleh-A.T.” müəssisəsidir.
“Taleh-A.T.” şirkəti bundan əvvəl də bir neçə tenderin qalibi olub. Maraqlıdır ki, büdcədən milyonlarla manat “dəstək” alan şirkətin adi internet saytı belə yoxdur. Adıçəkilən şirkətin şəffaflığı sual düşürmü?
Gəlin, məsələyə konspiroloji qaydada yox, faktlarla yanaşaq… Məsələn, bir müddət əvvəl Dövlət Gömrük Komitəsi Qusar rayonu ərazisində yerləşən Şimal Ərazi Baş Gömrük İdarəsi Xaçmaz Gömrük Terminalı və anbarlarının giriş və çıxış hissələrində avtomobil yolunun təmiri işlərini həmin “Taleh-A.T.” müəssisəsinə həvalə etmişdi. Bu həmin şirkətdir ki, idxal etdiyi malların real dəyərini rəsmi sənədlərdə azaldaraq 62 565.12 ABŞ dollarını gömrük vergi və rüsumlarına cəlb olunmasından yayındırılmışdı. Maraqlıdır ki, o zaman Dövlət Gömrük Komitəsinin sədri olan Səfər Mehdiyev 50 min manat büdcə vəsaitinin sərf olunması nəzərdə tutulan Xaçmaz Gömrük Terminalı və anbarlarının giriş və çıxış hissələrində avtomobil yolunun təmiri işlərini “Taleh-A.T.” müəssisəsinə həvalə etmişdi. Bu isə haqlı olaraq Səfər Mehdiyev “quzunu qurda” tapşırıb qənaəti yaratmışdı. Məhəmmədəli Heydər oğlu Əliyevin rəhbərlik etdiyi “Taleh-A.T.” müəssisəsinin qanun pozuntusu aşkar olundqudan sonra büdcə vəsaitləri hesabına həyata keçirilən layihəni Səfər Mehdiyev bu şirkətə hansı məntiqlə həvalə etməsinin səbəblərini nə sədr, nə də DGK aydınlıq gətirməmişdi…
Şirkətin hüquqi ünvanı Nərimanov rayonu, Böyük Şor, ev 63Q, 2095-ci məhəllə kimi qeyd edilib. Bundan başqa, şirkət haqqında məlumat yoxdur.