Mediyadan bilirsiniz ki, cari ilin 2 sentyabr taixində Prezident İlham Əliyev İtaliyada səfərdə olmuş və Çernobbio şəhərində keçirilmiş 48-ci Beynəlxalq Çernobbio Forumunda “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxış etmişdir.
Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində ölkəmiz önəmli addımlar atmışdır. Müstəqillik qazandıqdan sonra Azərbaycan öz neft məhsullarını dünya bazarına çıxarmaq üçün iki neft kəmərini istifadəyə verdi. Azərbaycanın enerji strategiyasının önəmli mərhələsi nəhəng qaz yataqlarının istismarı ilə bağlıdır. Azərbaycanın təsdiq edilmiş ehtiyatları 2,6 trilyon kubmetrə bərabərdir. Azərbaycan son 10 il ərzində qonşu ölkələr bazarında etibarlı təchizatçıdır.
Məlumudur ki, Azərbaycan böyük qaz təchizatı boru kəmərinə malikdir. Cənub Qaz Dəhlizi üç boru kəmərindən ibarət inteqrasiya edilmiş boru kəmərləri sistemidir. Buraya Cənubi Qafqaz boru kəməri, Trans-Anadolu (TANAP) boru kəməri və Trans-Adriatik (TAP) boru kəmərləri daxildir ki, İtaliyaya qədər uzanan bu kəmərin uzunluğu 3500 kilometr olan mürəkkəb bir texniki infrastrukturdur.
Prezident İlham Əliyev çıxışında demişdir: “Azərbaycanın təbii qaz ehtiyatlarına tələbat durmadan artır. Bir il yarım ərzində artıq Avropaya 13,5 milyard kubmetr qaz nəql edilib ki, onun da 11,7 milyard kubmetri İtaliyanın payına düşür. Cari ildə İtaliya bazarına 10 milyard kubmetr qaz nəql etmək planlaşdırılır. Ümumi ixracımız 22 milyard kubmetrdən artıq olacaq və burada artım üçün çox böyük potensial var. Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanması bütün ölkələr üçün böyük perspektivlər vəd edir. Sözügedən Memorandum enerji resurslarımızın daha da inkişaf etdirilməsi istiqamətində atılmış çox vacib addımdır. Bu sənəd gələcək fəaliyyətimizin yol xəritəsidir.
Avropa İttifaqı və Azərbaycan arasında enerji ilə bağlı dialoqa start verilmişdir. Buraya yalnız təbii qaz deyil, həmçinin elektrik enerjisi, hidrogen və yaşıl hidrogen kimi seqmentləri də daxildir. Bərpaolunan enerji sahələrinin Azərbaycandakı potensialı dəyərləndirilib. Xəzərin təkcə Azərbaycan sektorunda təsdiq olunmuş potensialı 157 qiqavatdır.
Azərbaycan 2020-ci ilin Vətən müharibəsində azad etdiyimiz ərazilərdə potensialı 10 qiqavatdan çox olan külək, günəş və hidroenerji stansiyalarının layihələndirilməsi və tikintisi işlərinə də start vermidir. Bir neçə su elektrik stasiyaları tikilib, təhvil verilmişr. Bu mühüm potensialın inkişaf etdirilməsi mərhələsindəyik. Bu imkanlar bizə daha çox ixrac üçün əlavə qaz tədarük etməyə kömək edəcəkdir.
Bu ilin fevral ayında başlayan Rusiya-Ukrayna müharibəsi nəticəsində təbii qaz məsələsi avropalıların gündəliyində ən aktual məsələlərdən biridir. İonik-Adriatik boru kəməri layihəsi var ki, o, Azərbaycan qazını üç Balkan ölkəsinə çatdıracaq. Rusiya-Ukrayna müharibəsi başlayandan Azərbaycana qaz ixracının həcminin artırılması və ya ixraca başlanılması ilə bağlı 10-dan artıq ölkədən rəsmi müraciətlər olunmuşdur.
Çıxışının sonunda Prezident İlham Əliyev qeyd etmişdir ki, “Dünya fevraldan əvvəl olduğu vəziyyətdə heç vaxt olmayacaq. Dünya dəyişib və bu dəyişikliklərin hansı axınla gedəcəyi Ukraynada müharibə nə qədər müddət davam edəcək və bu savaşın sonu necə bitəcək, dünyadakı güclərin balansı hansı şəkildə olacaq kimi amillərdən asılıdır. Beynəlxalq hüquq normaları tamamilə pozulub. Beynəlxalq hüquq normaları bizim öz məsələmizdə də pozulmuşdur. Biz torpaqlarımız işğal altında olarkən beynəlxalq ictimaiyyətə fəal şəkildə müraciət etmişdik. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələri 27 il ərzində yerinə yetirilməmişdi”.
Rüstəmova Aybəniz Vilayət qızı
Avrasiya universitetinin Humanitar fənlər və regionşünaslıq kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent