Böyük Britaniyanın Azərbaycandakı yeni səfiri Ferqus Ould ölkə vətəndaşlarına videomüraciət ünvanlayıb.
MilliYol.az xəbər verir ki, səfir rəsmi tviter hesabında paylaşılan müraciətdə özü barədə məlumatları bölüşüb:
"Mənim adım Ferqus Oulddur. Böyük Britaniyanın Azərbaycana yeni səfiri təyin olunduğum üçün çox şadam. Ölkələrimiz arasında münasibətlər artıq yüksək səviyyədədir, amma inanıram ki, biz birlikdə daha da çox şey edə bilərik. Mənim haqqında sizə qısa məlumat verim. Mən şotland və britaniyalıyam. Öz soy kökümlə fəxr edirəm. Eyni zamanda, başqa ölkələrin tarixi, adət-ənənələrini, həmçinin onların müasir mədəniyyətlərini öyrənməyi sevirəm. Üç yeniyetmə övladım var. Onlar məni yeni musiqi, texnologiya və ideyalarla tanış edirlər. Valideynlərimin hər ikisi universitet professoru idi. Atam ivrit dili və ilahiyyat, anam isə İslam incəsənəti tarixi üzrə ixtisaslaşıb.
Atalar sözünə görə, ot öz kökü üstündə bitər. Mən diplomat olmamışdan əvvəl müəllim işləmişəm. Odur ki, təhsil mənim DNT-mdə var. Bir ildir ki, Azərbaycan dilini öyrənirəm. Mən keçən qış 6 həftə Gəncədə bir ailənin qonağı oldum. Yerli müəllimlərdən dərs aldım. Bu müddətdə azərbaycanca danışdım, yerli yeməkləri daddım və eyvanımızdan Göygölün ətrafındakı gözəl dağları seyr etdim. Yeni sözləri öyrənməyi sevirəm, xüsusən də atalar sözlərini. Siz də sevdiyiniz atalar sözlərini mənimlə bölüşün. Mən təbiəti çox sevirəm. 2023-cü ilin sonuna qədər Azərbaycanın bütün bölgələrinə səfər etmək, heyrətamiz müxtəlifliliyini görmək istəyirəm. Artıq bir neçə bölgəni gəzmişəm. Sizcə növbəti hara getməliyəm?”.