Şirkətinin illlik dövriyyəsi 400 milyard dollar olmuşdu
O, ABŞ-ın yeni prezidenti Donald Trampın komandasına cəlb etmək istədiyi şəxslərdən biridir. Senat təsdiqləyərsə, ABŞ kimi super gücün dövlət katibi olacaq. Söhbət məşhur neftçi Reks Tillersondan gedir.
Reks Tillerson haqqında maraqlı məlumatları təqdim edirik.
Yeni dövlət katibinin 300 milyon dolları var
Reks Tillerson 1952-ci ilin mart ayının 23-də Texas Ştatının Uiçito-Fols şəhərində dünyaya göz açıb. Gələcək neft baronunun atası həmkarlar ittifaqında işləyib. Uşaqlığı ABŞ-ın neft-qaz sənayesi mərkəzi olan Texasda keçib. Elit təbəqənin uşaqlarının oxuduğu orta məktəbdə təhsil alıb. 1974-cü ildə Ostinedə Texas Universitetindən mühəndis ixtisası üzrə məzun olur. Dərhal da “Exxon”da işə düzəlir. Mühəndislikdən şirkət rəhbəri vəzifəsinə qədər pillə-pillə yüksəlməyi bacarır.
1980-ci ilin ortalarında korporasiyanın qaz departamentində biznesin inkişafı şöbəsinin direktoru işləyir. 1990-cı ildən “Exxon”nun Rusiyada maraqlarını təmsil etməyə başlayır. 1998-ci ildə Exxon Ventures (CIS) Inc-in vitse-prezidenti, Exxon Neftegas Limited-in isə prezidenti işləyir.”Exxon” Rusiyada və Xəzər regionunda layihələrinə əsas cavabdeh şəxs olur. 3 il sonra vəzifəsi artan R.Tillerson şirkətdə birinci vitse-prezidenti təyin edilir. 2006-c ildə “ExxonMobil” in direktor şurasına üzv seçilir. 40 ilə yaxın neft-qaz sektorunda fəaliyyət göstərən R.Tillersonun sərvətinin həcmi 300 milyon dollar təşkil edir. “Forbes” jurnalı Reks Tillersonu dünyanın ən nüfuzlu şəxslərinin siyahısında 24-cü sırada yer verib.
“ExxonMobil” şirkəti kimindir?
“ExxonMobil” Con D.Rokfellerin 19-cu əsrdə qurduğu “Standard Oil” şirkətinin bugünkü varisidir. Con D. Rokfellerin 1870-ci ildə qurduğu “Standard Oil” şirkəti XX əsrin əvvəllərində neft sənayesinin ən güclü "aktyoru" mövqeyinə gələndən sonra ABŞ Konstitusiya Məhkəməsi tərəfindən “monopoliya yaratmaqda” ittiham olunaraq daha kiçik şirkətlərə bölünmüşdü. Yaranan şirkətlərdən “Standard Oil of New Jersey” “Exxon” adını alıb, “Standard Oil of New York” isə “Mobil” adlandırılmışdı. İki şirkət 1999-cu ildə birləşərək Rokfellərin yaratdığı “Standard Oil” şirkətinin bugünkü ən böyük varisi olub. Qeyd edək ki, Rokfeller ailəsi beynəlxalq siyasətin əsas aktyorlarından biri hesab edilir. Dünyanın ən zəngin ailələrindən olan Rokfellerlər Almaniyadan ABŞ-a mühacirət etmiş yəhudi mənşəli nəslin davamçılarıdır. XIX əsrin sonlarına doğru Con (1839-1937) və Uilyam Rokfeller (1841-1922) qardaşlarının "Standart Oil Company” vasitəsilə neft biznesində və "Chase Manhattan Bank” (hazırda JP Morgan Chase) vasitəsilə maliyyə sektorunda qazandıqları varidat bu ailəni gələcək dünyada əsas söz sahiblərindən birinə çevirdi.
Biznes uğurları
Əvvəla o üzdə olan neftçilər arasında mühüm yeri tutur. Reks Tillerson “ExxonMobil”ə rəhbərliyi şirkətin bir çox uğurlara imza atması ilə yadda qalıb. Belə ki, 2011-ci ildə o, çox sərfəli şərtlərlə İraq Kürdüstanından neft təhcizatına nail olub. Hansı ki, bu müqavilə bir sıra İraq qanunlarının ziddinə idi. Bundan əlavə, R.Tillerson Amerikada neçə onilliklərdir mövcud olan neft ixracı ilə bağlı qadağanın qaldırılmasını təmin edib. Onun daha bir qələbəsi təbii qaz ixracına dair məhdudiyyətləri qaldırmasıdır. Bütün bu qərarlar şirkətin gəlirlərinin artmasına səbəb olub. 2014-cü ildə “ExxonMobil” 34 milyard dollar xalis gəlir əldə edib. ABŞ büdcəsinə isə 80 milyard dollar vergi ödəyib.
Elə həmin ildə Rusiyaya qarşı tətbiq edilən sanksiyalar səbəbindən layihələrin təxirə salınması nəticəsində şirkət 1 milyard dollar gözlənilən qazancdan məhrum olub. Ümumiyyətlə bir çox amerikalı ekspertlərin rəyinə görə, “ExxonMobil” sanksiyalardan ən çox itirən Amerika şirkətidir. Korporasiya nə az, nə çox 9 layihəsini təxirə salıb.
Buna görə də Reks Tillerson sanksiyalara qarşı çıxaraq, Rusiya ilə münasibətlərin bərpa edilməsi tərəfdarı kimi çıxış edir.
Tillersonun necə idarəçi olduğunu göstərən nümunələrindən biri də “Exxon”un Yəmənlə apardığı danışıqlardır. Yəmən vacib kommersiya qərarlarının qəbuluna “veto” hüququ istədiyi üçün danışıqlar dalana dirənmişdi. Görüşlərin birində Tillerson əlindəki kitabı ataraq qəzəblə otağı tərk etmişdi. Onun bu addımını Yəməndən olan nümayəndələr, həmçinin “Exxon”un müttəfiq şirkətləri heyrətlə izləmişdi.
Tillerson və Putin əlaqələri
“ExxonMobil”in sabiq prezidenti Rusiya prezidenti Vladimir Putinlə yaxın münasibətlərini heç vaxt gizlətməyib. Onların dostluq əlaqələri artıq 15 ildir davam edir. 2012-cildə Putin ona “Dostluq Ordeni” belə verib. R.Tillerson isə özü bu haqda belə deyir:
“Mənim Putinlə işgüzar əlaqələrim var. Deyə bilmərəm ki, nə edir onunla razıyam. Lakin Putin bilir ki, mən iş adamıyam. Mən və bizim şirkətimiz Rusiyada layihələrə çoxlu pul yatırmışıq”.
Qeyd edək ki, "ExxonMobil" Rusiyada "Saxalin-1" layihəsində iştirak edir. Bu layihədə onun 30 faiz, Yaponiyanın “Sodeco”, Rusiyanın “Rosneft”i və Hindistanın “ONGC” şirkətlərinin hər birinin 20 faiz payı var. “ExxonMobil” Rusiyada, Saxalin şelfində “Çayvo”, “Odoptu” və “Arkutun-Daqi” qaz yataqlarında fəaliyyət göstərir.
R.Tillerson Rusiya prezidenti Vladimir Putinlə 2003-cü ildə Sankt-Peterburqda keçirilən “Qlobal enerji” forumunda görüşüb. Onlar 2005-ci ilin sentyabrında isə Vaşinqtonda bir araya gəliblər. 2012-ci ilin iyununda Putinlə Tillerson Tuapsedə görüşüblər. R.Tillerson Peterburqda beynəlxalq iqtisadi forumda bu il də daxil olmaqla dəfələrlə iştirak edib.
Yeri gəlmişkən, Reksin “Rosneft” şirkətinin prezidenti İqor Seçinlə də yaxın münasibətləri var. Bir müddət əvvəl Seçin R.Tillersonla motaskiletlə bütün Amerikanı dolaşacaqlarını bildirmişdi.
Şəxsi həyatı
Reks Tillerson Renda Sent-Kler adlı bir xanımla evlidir. Bu evlilikdən onların 4 övladı var.
Gəlirləri haqqında
Dövlət katibliyinə namizəd fəlsəfəsinin pul qazanmaq olduğunu deyir: “Mənim istədiyim şey məhz neft hasil edib pul qazanmaqdır”. Tramp administrasiyasında aparat rəhbəri Rayns Pribes isə onun bu “hobbisi” haqqında belə deyir:”Tillerson bütün dünyada neft axtarır. Bunun üçün də neftin olduğu hər yerə gedir. Onun Putin kimi adamlarla əlaqələrinin olması bizi qəzəbləndirməməlidir”.
218 milyon dollarlıq səhm payı
R.Tillersonun “Exxon”un səhmlərindəki payı 218 milyon dollar dəyərindədir. Şirkətin illik dövriyyəsi isə fantastik rəqəmlərlə ölçülür. Məsələn, 2014-cü ildə dövriyyə 400 milyard dollar olmuşdu. Həmin il şirkət 34 milyard xalis mənfəət əldə etmişdi.(Publika.az)
MilliYol.Az
Fotolar
Digər xəbərlər
loading...