Prezidenti İlham Əliyev regionlara növbəti səfəri çərçivəsində Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibə verdi. Ölkə başçısı müsahibə zamanı toxunduğu bir çox məsələ diqqət çəkdi.
Prezident bir müddət öncə Azərbaycan ordusunun keçirdiyi “Qisas” antiterror əməliyyatından danışdı. Ölkə başçısı “Qisas” əməliyyatının cəza tədbiri adlandırdı və vurğuladı ki, Azərbaycan şəhidinin qanı düşmənlərə baha-başa gəldi. Ermənistan bunu unutmamalıdır. Eyni zamanda İlham Əliyev mesaj olaraq bildirdi ki, əgər yenə də buna oxşar təxribat törədilərsə, cavab da eyni olacaq. Heç kim bizə mane ola bilməz, heç kim bizi durdura bilməz. Yəni ölkə başçısı “Qisas” antiterror əməliyyatının bənzərinin bundan sonra da ola biləcəyi mesajını verdi.
Prezident müsahibə zamanı vacib məqamlardan biri olaraq Qarabağda yaşayan ermənilərin statusu məsələsinə toxundu. Ölkə başçısı bir daha bəyan etdi ki, Qarabağda yaşayan ermənilərin nə statusu olacaq, nə də müstəqilliyi. Heç ermənilərin hansısa xüsusi imtiyazı da olmayacaq. Yəni Azərbaycan vətəndaşları necə, erməni vətəndaşları da elə olacaq. Hesab edirəm ki, Prezidentin “Qarabağda yaşayan ermənilərin nə statusu olacaq, nə müstəqilliyi” deməsi bu mövzuda yekun qərar kimi qiymətləndirmək olar.
Prezidentin Zəngəzur dəhlizi ilə bağlı dedikləri də diqqət çəkdi. Ölkə başçısı dedi ki, Zəngəzur dəhlizi lazımdır, ona da Ermənistan etiraz edir. İndi yaxın həftələrdə biz onlardan Zəngəzur dəhlizinin marşrutunu gözləyirik. Aydın məsələdir ki, Zəngəzur dəhlizi Prezidentin israrla tələb etdiyi prinsipial məsələlərdəndir. Çünki Zəngəzur dəhlizi həm regional, həm də qlobal kontekstdə diqqətçəkən məsələdir. Buna görə də bu gün Zəngəzur dəhlizinə etiraz edən ermənilər gec-tez buna da razı olacaq.
Prezidentin paylaşdığı fotodan da bu məsələnin necə həll olunacağını anlamaq olar. Yəni İlham Əliyev Azərbaycan xəritəsində əks olunan bir suveneri paylaşdı. Bu suvenerdə Qərbi Zəngəzur Azərbaycan ərazisi olaraq göstərilirdi. Ölkə başçısının bununla verdiyi mesaj çox aydındır. Prezident mesaj verdi ki, ya Zəngəzur dəhlizi açılacaq, ya da Qərbi Zəngəzur ilhaq ediləcək. Düşünürəm ki, ölkə başçısının bu mesajı həm Ermənistana, həm də onun havadarlarına çatdırılan ən sərt və son mesaj olacaq.
Nizami Rayon İcra Hakimiyyətinin məsul işçisi, MMP-nın Siyasi Şura və İdarə heyətinin üzvü Könül İsmayılova
milliyol.az