Son 10 ildə Rusiya Prezidenti Vladimir Putin “yeni SSRİ” sevdası daşıdığını və bu istiqamətdə çalışdığını gizlətməyib. O, SSRİ-nin dağılmasını yanlış hesab etdiyini deyib, bundan sonra isə onun ətrafında olan adamlar imperiyanın bərpasına dair bəyanatlar veriblər. Son olaraq Dmitri Medvedev sərsəm bir açıqlama yaymışdı. Daha əvvəl və sonra Dumanın bir sıra deputatları bu cür açıqlamalarla çıxış ediblər.
Dünyanın bir sıra beyin mərkəzləri, nüfuzlu media orqanları da dəfələrlə yazıblar ki, Putinin məqsədi yeni bir SSRİ formatlı imperiya qurmaqdır, Ukrayna müharibəsi də bunun başlanğıcıdır.
Son olaraq ABŞ Dövlət Departamentinin Ukrayna üzrə keçmiş xüsusi nümayəndəsi Kurt Volker deyib ki, Ukrayna Rusiyadan bütün işğal olunmuş əraziləri, o cümlədən Krımı geri almalıdır, əks halda Vladimir Putin gələcəkdə təcavüzü təkrarlaya bilər. Sitat: “Müharibəyə qədər belə bir fikir vardı ki, Rusiyaya Donbas lazım deyil və ona görə də onu daha tez qaytarmaq olar, Krımın qaytarılması isə daha çox vaxt aparacaq. Amma müharibə bütün bu mülahizələri alt-üst etdi. Hazırda hər şey təhlükə altındadır, Putinin imperiya iştahı yox olmayacaq. Ona görə də hətta Krımı Rusiyanın əlində saxlamaq çox risklidir. Mübarizə Putin və Rusiya öz sərhədləri daxilində yaşamağa məcbur olanadək davam etməlidir".
Putinin artıq 70 yaşı var. Onun ahıllıq, qocalıq dövründə imperiyanı bərpa etmək ehtirasının daha da artması müşahidə olunur. Politoloqlar necə hesab edir, o, ömrünün axır dövründə bir eqoist lider kimi tarixə “yeni Pyotr” kimi düşməyə çalışır, şəxsi ambisiyalarını yeridir, yoxsa bu, şovinizmdir, Rusiyanı hökmran dövlətə çevirmək niyyətidir?
Bu məqamda bir faktı da qeyd etmək yerinə düşər. Putin “ən çox sizi narahat edən nədir” sualına cavab olaraq “Rusiya əhalisinin sayının azalması və bunun iqtisadi nəticələri” söyləmişdi. Rusiya əhalisi son 30 ildə durmadan azalıb. Statistika agentliyi “Rosstat”ın məlumatına görə, 2021-ci ildə əhalinin sayı 148 milyondan 146,1 milyon nəfərə düşüb...
Mövzu ilə bağlı millət vəkili, politoloq Elman Nəsirov “Yeni Müsavat”a danışıb:
“Sovet ittifaqının bərpası ilə bağlı Putinin hansı mövqedə durması ilə əlaqədar çox sayda mülahizələr var. Əlbəttə ki, bu mülahizələrin yaranması da səbəbsiz deyil, “od olmasa tüstü çıxmaz” el məsələni buna aid edə bilərik. Məsələ ondadır ki, Putinə sual verəndə ki “20-ci əsrin ən geosiyasi fəlakətini hansı hadisə hesab edirsiniz?”cavab vermişdi ki “Sovet İttifaqının dağılmasını”. Eyni zamanda onun başqa fikirləri də var ki “Sovet İttifaqının yerində Müstəqil Dövlətlər Birliyi yaranıb (MDB)”, “MDB ölü doğulmuş uşaqdır”. Buna baxmayaraq, xüsusilə də Rusiya-Ukrayna müharibəsi fonunda, SSR-nin yaranmasının 30 illiyi ilə əlaqədar bu məsələ yenidən aktuallaşıb. Ukrayna müharibəsi və onun nəticələrindən asılı olaraq Rusiyanın belə bir addım atmaq niyyəti ilə bağlı müxtəlif, o cümlədən bir-birini təkzib, təsdiq edən yanaşmalar var. Amma Putinin öz sözləridir ki, “Sovet İttifaqını bərpa etmək niyyəti yoxdur, hətta bu qeyri-mümkündür”. O, həmçinin qeyd etmişdi ki, onun bu cür məqsədi, hədəfi də yoxdur.
Bütün bunların qarşılığında başqa fikirlər də səsləndirilir ki, Ukrayna müharibəsinin nəticələri Rusiyanı qane edə biləcək və yaxud Rusiyanın qələbəsi ilə yekunlaşarsa, bu halda “iştah diş altındadır” məsəli aktuallaşa bilər. Gördüyünüz kimi bu kimi bir-birinin üstünə düşən və yaxud bir-birini təkzib edən yanaşmalar var. Mənim isə bu məsələlər ilə bağlı subyektiv mövqeyim bundan ibarətdir ki, Sovet İttifaqı artıq tarixə qovuşub, keçilmiş mərhələdir, onun bərpası artıq mümkün deyil, bu yalnız bir illüziyadır. Lakin inteqrasiya məsələlərində ola bilsin ki, bir qədər intensivlik olsun. Bu heç bir halda Sovet İttifaqının bərpası deyil, sadəcə postsovet ölkələri arasında inteqrasiya proseslərinə Rusiya müəyyən dinamika vermək istəyə bilər. Artıq belə mülahizələr səslənir, Rusiya mətbuatında da məlumatlar yayılır ki, MDB üzvü olan dövlətlərin Kollektiv Təhlükəsizlik Müqaviləsi təşkilatında müşahidəçi statusu verilməsi məsələsi müzakirə olunur. Hətta belə fikirlər də var ki, yaxın perspektivdə bu istiqamətdə əməli addımlar atılması planlaşdırılır. Yəni, bu kimi mülahizələr də var, amma bu heç bir halda SSR-nin bəpası anlamında deyil. Qatar çoxdan gedib, artıq müstəqil dövlətlərin bir-biri ilə çox sıx bağlantıları var, o cümlədən də Azərbaycanın. Prezidentimiz cənab İlham Əliyev milli maraqlarımıza uyğun siyasət həyata keçirir. Biz həm Rusiya ilə strateji tərəfdaşlıq və müttəfiqlik maraqlarını həyata keçiririk, həm də ABŞ-la da tərəfdaşıq, münasibətləri inkişaf etdiririk. Heç bir halda bizim Rusiya ilə yaxınlığımız ABŞ əleyhinə deyil, eləcə də əksinə”.
Yazıçı-konspiroloq Həmid Herisçi isə məsələyə maraqlı istiqamətdən yanaşaraq, qeyd edib:
“Öncə də istər yeni Rusiya və ya yeni Türkiyənin yaranması oxşar şəraitdə baş verib. Bu mənada Atatürklə Lenin arasındakı söhbətləri nəzərdə tuturam. Əslində istər Türkiyə, istərsə də türk dünyasının yaranması ilə bağlı Leninin çox ciddi fikirləri olub. Bildiyiniz kimi Leninin ikinci qərarı müsəlman türk xalqları ilə bağlı olub. Bildirib ki, “azadlığı əldə edirsiniz, İstanbul Türkiyənindir, “böyük Ermənistan” xülyası ləğv olunur”. Yəni bu, Leninin mirasıdır. Nəriman Nərimanov vaxtilə Atatürkü, həmçinin vaxtilə Türkiyədə olan milli azadlıq qüvvələrini Leninə göstərib, nəticədə Rusiya türk millətçilərinə, Atatürkə kömək edib. Yəni, bütün bunlar vaxtilə olmuş hadisələrdir.
Mən inanıram ki, yeni Türkiyə - Rusiya münasibətlərindən sonra necə ki, zamanında Özbəkistan, Qazaxıstan, Türkmənistan, Azərbaycan kimi sosialist respublikaları yaranmışdı, bu zamanda isə başqa respublikalar olacaq ki, bunun da bizə xeyri var və Qərb də bunu qəbul edəcək. Necə ki, 1923-cü ildə Qərb Türkiyə ilə Rusiyanı qəbul etmirdi. Amma onlar birləşdilər, hətta həmin hadisələrdə, o cümlədən Genuya konfransında Nərimanov da iştirak etdi, nəticədə eyni zamanda SSRİ və Türkiyənin Qərbə qəbulu baş verdi.
Yəqin ki, Rusiya indi də bu prosesi edir və deyim ki, Ukrayna məsələsini bura heç bağlamayaq. Məlum olduğu kimi Rusiyaya qarşı çox ciddi həm sanksiyalar var, həm münasibətlər dəyişib. Burada türk dünyasının Rusiyanın yanında olmasına mənfi baxanlar da var, eləcə də bizim içərimizdə də bu cür yanaşma var. Deyirlər ki, xeyr, Rusiyanın vəziyyəti çox ağırdır, Türkiyənin, türk xalqlarının Rusiyanın yanında olması ziyan verə bilər və sairə.
Bu tarixə nəzər salanda bir daha bizim N.Nərimanovun böyük düha olduğunu anlayıram. Ona görə ki, Nərimanov 1920-ci ildə qələbə qazandı və indi də onun xətti qələbə qazanır. Düşünək ki, niyə indi Rusiya - Ankara bu qədər işləyir, bu çox maraqlıdır. Məsələn, ermənilərin xətti artıq işləmir, yəni, Rusiya-erməni münasibətlərində “qırmızı siqnal” yanıb, məsələ əvvəlki kimi deyil.
Burada bizə Rusiya və yaxud Turan sevdası lazım deyil. Bu hadisələr onu göstərir ki, 100 əvvəl Azərbaycan-Türkiyə- Rusiya xalqlarının seçdiyi yol ciddi yoldur və indi də işləyir, yeni redaktələr alır və sairə.
Rusiya 1720-ci illəri, yəni Pyotrun o dövrün geopolitikasını bərpa etmək istəyir. Ermənilər isə 1820-ci ili təkrarlamaq istəyir, hansı ki, həmin dövrdə yunanlarla çar Rusiyası birləşdi, Türkiyəni, İranı sındırdılar, Yunanıstan müstəqil oldu, Rusiya Güney Qafqaza girdi, Türkmənçay müqaviləsi imzalandı. Azərbaycan isə 1920-ci ili yenidən diriltmək istəyir. Hadisələr onu göstərdi ki, Rusiya Pyotr imperiyasını, ermənilər 1820-ci ili dirçəldə bilmir, amma Atatürk və Lenin irsi uyğun olaraq Ərdoğan və Putin tərəfindən davam etdirilir və bu xətt qələbə qazanır. Bu sözü Pyotr irsi haqqında demək olmur”.