Ali təhsil müəssisələrinə və kolleclərə ixtisas seçiminin başlanmasına sayılı günlər qalır. Qəbul imtahanlarında iştirak edən abituriyentlər ixtisas seçimində əksər hallarda dövrün tələbini nəzərə almadan, "təki tələbə olum" prinsipinə üstünlük verirlər.
Belə ki, ailə üzvlərinin və yaxınlarının qınağına tuş gəlməkdən çəkinən gənclər təhsil alacaqları sahə üzrə gələcəkdə iş tapıb-tapmayacaqlarını düşünmədən seçim edirlər. Bu isə sonda onların işsizlik problemi ilə üz-üzə qalmasına gətirib çıxarır.
Bəs, gənclər ixtisas seçimi zamanı hansı məqamları nəzərə almalıdırlar?
Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Etibar Əliyev Modern.az-a açıqlamasında deyib ki, hazırda mütəxəssislər və qurumlar hansı ixtisasların gələcəkdə prestijli olacağı barədə proqnozlar verə bilmirlər.
“Hesab edirəm ki, informasiya-kommunikasiya texnologiyaları sahəsində mütəxəssislərə daha böyük ehtiyac olacaq. Hindistan gəncləri hər il ölkəyə proqramlaşdırmadan 150 milyard dollar vəsait gətirirlər. Bizim ali məktəblərdə informasiya-kommunikasiya texnologiyalarına aid ixtisaslarda tədris həddindən artıq zəifdir", - deyən deputat hesab edir ki, gələcəkdə kənd təsərrüfatı üzrə ixtisaslara da ehtiyac olacaq:
"Bundan əlavə, riyaziyyata, tətbiqi fizikaya, kimyaya, eyni zamanda molekulyar biologiyaya böyük ehtiyac duyulacaq. Dünya alimlərinin proqnozu var ki, gələcək dövr kimya və molekulyar biologiya əsridir. Yüksək nəticə göstərən abituriyentlərin bu istiqamətdə ixtisas seçmələri həm ölkə üçün böyük əhəmiyyət kəsb edə bilər, həm də özləri gələcəkdə yaxşı iş yerləri tapa bilərlər. Abituriyentlər ixtisas seçimində sərbəst deyillər, valideynlərin, yaxınların buna təsiri var. Hansı şagird ibtidai təhsildən sonra gələcək ixtisasını seçirsə, o gələcəkdə mütəxəssis, alim ola bilər. Buna uyğun təcrübələr var”.
Etibar Əliyevin sözlərinə görə, gənclərin ixtisas seçiminə müdaxilələr olur, bu da onların gələcəkdə öz yerlərini tapa bilməməsinə gətirib çıxarır:
“İqtisadiyyat elminin pradiqmaları dəyişir, gənclərin yaxşı ali məktəbdə iqtisadiyyat ixtisasını seçmələri gələcəkdə işlə təmin olunmaları üçün şərait yarada bilər. Əsas məqamlardan biri gənclərin öz üzərlərində çalışmasıdır, ali məktəb proqramının tədirisi ilə məhdudlaşsalar, yaxşı mütəxəssis kimi hazırlana bilməyəcəklər. Gənclərin daha rasional düşünmələrini istəyirəm”.
Təhsil eksperti Kamran Əsədov isə düşünür ki, pandemiya insanların gələcəyə baxışını dəyişdirib:
“Pandemiyadan öncə humanitar ixtisaslara maraq çox idisə, indi informasiya texnologiyalarına və tibb təhsilinə maraq daha yüksəkdir. 9 illik kollecdə belə informasiya texnologiyalarına, kompüter ixtisaslarına böyük önəm verirlər. Bu da onu göstərir ki, gələcəkdə ixtisaslar arasında informasiya texnologiyaları üstün yer tutacaq. 11 illik kollecdə isə tibb ixtisasına böyük marağın olduğunu müşahidə edirik. Abituriyentlər seçim edərkən gələcək 10 ilin əmək bazarını düşünərək addım atmalıdırlar.
Məsələn, birinci ixtisas qrupunda mexanika və metalurgiya mühəndisliyi kimi ixtisasların artıq prespektivi yoxdur. İkinci ixtisas qrupu üzrə statistika ixtisası artıq əmək bazarında aktuallığını qorumur, üçüncü ixtisas qrupunda isə sosial işə maraq azalıb”.
Qeyd edək ki, I, II, III, IV və V ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər (o cümlədən subbakalavrlar) üçün ixtisas seçimi 16-28 avqustda həyata keçiriləcək. Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi isə 8-17 avqustda aparılacaq.