Nəsimi Rayon Məhkəməsində Siyəzən Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Aqşin Ağayevin 1980-ci il təvəllüdlü Ruslan Quliyev barəsində xüsusi ittiham qaydasında şikayətinə baxılıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 147 və 148-ci (Təhqir və böhtan) maddələri ilə ittiham edilən R.Quliyevə 1 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib və o, cəzaçəkmə müəssisəsinə göndərilib.
Məhkəmədə Aqşin Ağayev Ruslan Quliyev və onun dostu Elşən Məhərrəmovun daimi olaraq onun barəsində müxtəlif sayt və "YouTube" platformasında həqiqətə uyğun olmayan məlumatlar yaydıqlarını bildirib.
R.Quliyev isə uzun müddətdir rüşvətə qarşı mübarizə apardığını, rayondakı vəzifəli şəxslərlə çəkişmədə olduğunu deyib: “Dostum Elşən də Aqşin Ağayevin sifarişi ilə həbs edilib. Onunla mənim aramda uzun müddətdir böyük mübarizə gedir”.
Məhkəmədə o da məlum olub ki, R.Quliyev müsahibəsində vəzifəli şəxs barəsində “bu nə məmur kimi məmur, nə vətəndaş kimi vətəndaş, nə şəxsiyyət kimi şəxsiyyətdir”, “bu adam gör nə qədər səviyyəsiz, şəxsiyyətsiz adamdır ki, Qarabağ müharibəsində şəhid olan ailələrin arasında ayrıseçkilik aparır” ifadələrini işlədib.
Qeyd edək ki, R.Quliyev barəsində daha əvvəl də xüsusi ittiham qaydasında şikayət edilib. Həmin vaxt məhkəmə onun 500 manat cərimə edilməsinə və çıxış etdiyi saytda təkzib yaymasına hökm edib. R.Quliyev daha əvvəl isə dələduzluq əməlinə görə saxlanılıbmış.