Xalq artisti, muğam sənətinin ustadlarından olan mərhum sənətkar Hacıbaba Hüseynovun qavalı 100 min manata satılır.
Bu barədə Qaynarinfo-ya açıqlamasında Xalq artisti Zabit Nəbizadə mərhum xanəndənin qızı Sədaqət Hüseynovanın "istərdim ki, bu qaval Zabit Nəbizadə, Aqil Məlikova qismət olsun” fikirlərinə münasibətində deyib. Zabit Nəbizadə deyir ki, Hacıbaba Hüseynovun qavalını almaq istəyər, amma:
"Çox istəyərəm ki, belə bir qaval alam. Ustadın qavalını almaq hər kəsin arzusudur. Qaval ustadın əlində olan bir diləkdir. Ustadın qavalının kimdəsə olması böyük şərəfdir. Amma deyilən qiymətə mənim gücüm çatmaz ki, onu alam. Pulum olsa, alaram. Qavala 100 min qiymət qoyublar. Adi qavaldır, amma söhbət ondan gedir ki, o Hacıbaba Hüseynovun qavalıdır”.
Xalq artisti deyir ki, sözü gedən qavalı ancaq xarici ölkələrdə yaşayan və sənətə dəyər verən biri ala bilər:
"Onu ancaq xaricdə imkanlı adamlar ala bilər. Evimdə 3-4 qavalım var, amma Hacıbaba Hüseynovun qavalının öz yeri var".
Zabit Nəbizadə Hacıbaba Hüseynov kimi sənətkarın həmişə yad olunmasının vacibliyini vurğulayıb:
"Müsahibələrində deyir ki, Zabit Nəbizadə yeganə sənətkardır ki, həmişə bizi yoxlayır, baş çəkir. Doğrudan həmişə zəng vurub, hal-əhval tuturam, doğum və anım günlərində qəbirinin üstünü ziyarət edirəm. Belə sənətkarları daima yad eləmək lazımdır və bu, hamının borcudur”.
Qeyd edək ki, Xalq artisti Hacıbaba Hüseynovun qızı Sədaqət Hüseynova mətbuata açıqlama verib. O, açıqlamasında "İstərdim ki, bu qaval Mələkxanım Əyyubova, Zabit Nəbizadə, Aqil Məlikova qismət olsun. Atam hər zaman bu xanəndələri çox istəyib. Zabit Nəbizadə hər zaman zəng edib bizi yada salır. Atamın doğum və anım günlərində məzarını ziyarət edir. Təəssüf ki, hamıda o vəfa yoxdur” deyə bildirib.