Ukraynanın Nikolayev şəhər Radasının azərbaycanlı deputatı Ramil Ağabəyov şəhərdə humanitar yardım aksiyasına başçılıq edir.
Bu barədə Qaynarinfo-ya Ukraynada yaşayan azərbaycanlı jurnalist, "Birlik" Odessa azərbaycanlıları diaspor təşkilatının sədr müavini Anar Natiqoğlu məlumat verib.
Anar bəy bildirib ki, gənc deputat müharibənin ilk günlərindən əslən Salyan rayonundan olan atası Zaur Ağabəyovla birgə həm ordunun qidalanması məsələsində, həm şəhər əhalisinin içməli su sıxıntısı yaşadığı günlərdə iş başında olub, vətəndaşların və müdafiəçilərin qayğısına qalıb. Buna görə ata və oğul Nikolayev meri tərəfindən fəxri fərmanla da təltif olunub.
Qeyd edək ki, Nikolayev şəhəri Ukraynada savaşın cənub tərəfdən ön xəttində yerləşir. Buna baxmayaraq, dövlət vaxtaşırı vətəndaşların qayğısına qalmağı bacarır. Son 2 həftə ərzində 2 min ailəyə humanitar yardım paylanılıb. Bu əsasən ərzaq paketi, gigiyena vasitələri və uşaqlar üçün zəruri məhsullar olub.
Bu aksiyalar 15 hündürmərtəbəli binanın və şəxsi həyət evlərinin sakinlərini əhatə edib. Sevindirici haldır ki, bu tədbirlərə həmyerlimiz Ramil Ağabəyov başçılıq edir.