Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Şahin Soltan oğlu Bağırovun Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini təyin edilməsi haqqında sərəncam imzalayıb. Komitəyə sədr təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Şahin Bağırova həvalə edilib.
MilliuYol.Az Şahin Bağırovun tərcümeyi-halını təqdim edir:
12 yanvar 1965-ci ildə anadan olmuş Şahin Bağırov 1986-cı ildə Voronej Dövlət Universitetinin İqtisadiyyat fakültəsini bitirdikdən sonra Azərbaycan Respublikasının Aqrar Sənaye Kompleks sistemində çalışıb.
1992-ci ildən gömrük orqanlarında fəaliyyətə başlayıb və Bakı Baş Gömrük İdarəsinin inspektoru, “Əli-Bayramlı” gömrük postunun rəisi, Gömrük Nəzarətinin Təşkili Baş İdarəsində, Daxili Təhlükəsizlik İdarəsində, Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəis müavini və sonradan həmin idarənin rəisi vəzifəsində çalışıb.
Şahin Bağırov 2003-cü ildə Rusiya Gömrük Akademiyasının “Gömrük işi” fakültəsini bitirib və 2004-cü ildə həmin akademiyanın aspiranturasını bitirərək iqtisad elmləri namizədi dərəcəsinə yiyələnib.
2010-cu ildə Azərbaycan Respublikasının iqtisadi mənafelərinin qorunmasında xidmətlərinə və gömrük orqanlarında səmərəli fəaliyyətlərinə görə Prezidenti tərəfindən “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.
2012-ci ildə dövlət qulluğunda səmərəli fəaliyyətinə görə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni alıb.
2014-cü ilin yanvar ayında Şahin Bağırov Dövlət Gömrük Komitəsinin sədrinin müavini vəzifəsə təyin olunub. Elə həmin ilin fevral ayının 3-də prezidentin müavfiq sərəncamı ilə ona gömrük xidməti general-leytenantı rütbəsi verilib.
6 iyul 2018-ci ildə Şahin Bağırov Dövlət Gömrük Komitəsi sədrinin müavini vəzifəsindən azad edilib.
Qeyd edək ki, Şahin Bağırov 2018-ci ildə vəzifəsindən azad edildikdən sonra yerinə Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru Qasımov Cavad Mustafa oğlu təyin olunmuşdu.