Xəbər verildiyi kimi, bu gün – dekabrın 14-də Hesablama Palatasının kollegiyası müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq 2014-2015-ci illərdə və 2016-cı ilin yanvar-iyun aylarında Zaqatala Rayon İcra Hakimiyyəti və onun tabeliyində olan idarə, müəssisə və təşkilatlar tərəfindən dövlət büdcəsindən ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsi vəziyyəti ilə bağlı həyata keçirilmiş auditin nəticələri üzrə hesabatı müzakirə edərək təsdiq edib.
Auditlə müəyyən edilib ki, Zaqatala rayon İcra Hakimiyyəti və tabeliyində olan idarə, müəssisə və təşkilatlar tərəfindən proqnozların tərtibi bir sıra hallarda iqtisadi əsaslandırmalar və hesablamalar aparılmadan, həmçinin real tələbatlar müəyyən edilmədən aparılıb, mənzil fondunun maliyyə təsərrüfat planı tərtib edilməyib, mənzil fondunun hər m²-ə düşən xərclər araşdırılmayıb, mənzil fondunun gəlirləri, o cümlədən mənzil haqqı az hesablanıb. Küçələrin süpürülməsi, işıqlandırılması, yaşıllıq sahəsinə qulluq edilməsi xərcləri üzrə təqdim olunmuş proqnoz bu sahəni tənzimləyən müvafiq normalara uyğun müəyyən edilməyib, müntəzəm süpürülən sahələrin dislokasiyası təsdiq edilməyib və müvafiq illər üzrə “Abadlaşdırma xidmətləri haqqının ödənilməsi” paraqrafı üzrə xərclər tam araşdırılmadan proqnozlar tərtib edilərək təsdiq edilib.
“Yolların əsaslı təmiri” və “Mənzil fondunun əsaslı təmiri” xərc maddələri üzrə vəsaitlərin istifadəsi zamanı iş vahidlərinin qiymətinin artırılması hesabına büdcə vəsaiti podratçılara artıq ödənilib, 2014-cü ildə sanitar təmizlik, yaşıllıqlara qulluq və küçələrin işıqlandırılması işlərinə xidmət göstərilməsi məqsədilə ödənilmiş vəsaitin bir hissəsinin təyinatı dəyişdirilib, şəxsi həyətyanı və kommunal evlərin sahibləri ilə bərk məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi məqsədi ilə bağlanmış müqavilələr üzrə vəsaitin alınması barədə müvafiq tədbirlər görülməyib.
Qurumlar tərəfindən Satınalmalar üzrə qanunvericiliyin bəzi tələblərinə əməl edilməyərək satınalma proseduru keçirilmədən müqavilələr bağlanıb, keçirilən satınalmalarda isə iddiaçılardan müvafiq məlumatlar tələb edilməyib, podratçılarla bağlanılmış müqavilələrin xüsusi şərtləri tərtib olunmayıb, müqavilənin yerinə yetirilməsinin təminatı alınmayıb.
Hesablama Palatasının kollegiyası Zaqatala Rayon İcra Hakimiyyəti və onun tabeliyində olan idarə, müəssisə və təşkilatlar tərəfindən yol verilmiş nöqsanların müəyyən hissəsinin audit dövründə aradan qaldırıldığını nəzərə almaqla bu istiqamətdə fəaliyyətin daha da gücləndirilməsi, həmçinin nöqsanlara yol vermiş vəzifəli şəxslərin Azərbaycan qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edib, icra olunması və həyata keçirilmiş tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi məqsədilə kollegiya qərarının surəti İcra Hakimiyyətinə göndərilib.
Auditin nəticələri ilə bağlı Milli Məclisə məlumat verilib.
Qaynarinfo.Az xatırladır ki, Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri Əhməd Əhmədzadənin qardaşıdır…
Bu xatırlatmanı etməyimiz isə qətiyyən təsadüfi deyil.
Hesablama Palatası Əhməd Əhmədzadəni də “vurmuşdu
Məsələ burasındadır ki, bu ilin iyulunda Hesablama Palatası Əhməd Əhmədzadənin sədri olduğu “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC tərəfindən həyata keçirilən “Sudan İstifadəedənlər Birliklərinin İnkişafına Dəstək” Layihəsi üzrə vəsaitlərdən istifadəyə dair auditin nəticələrini açıqlamış, həmin hesabatda da korrupsiya halları öz əksini tapmışdı.
Belə ki, auditin nəticələrinə dair hesabatda layihəyə ayrılmış vəsaitin xərclənməsi və layihənin icrası zamanı nöqsanlara yol verildiyinin müəyyən edildiyi göstərilirdi.
Mübariz Əhmədzadə
Hesabata “Sudan İstifadəedənlər Birliklərinin İnkişafına Dəstək” Layihəsinin qiyməti ilkin olaraq 114,3 milyon ABŞ dolları məbləğində müəyyən edilib, o cümlədən Dünya Bankının maliyyələşdirdiyi məbləğ 80,0 milyon ABŞ dolları, Azərbaycan Hökumətinin maliyyələşdirdiyi məbləğ isə 34,3 milyon ABŞ dolları məbləğində nəzərdə tutulub.
Layihənin əsas məqsədi Layihə ilə əhatə olunan kənd təsərrüfatı təyinatlı suvarılan torpaq sahələrində təsərrüfatdaxili suvarma suyunun paylanılması və idarə edilməsinin daha da səmərəli təşkil edilməsi idi. Layihənin icra olunduğu 2011-2015-ci illərdə 90,5 milyon ABŞ dolları məbləğində, yəni Layihənin qiymətinin 79,2%-i həcmində vəsait istifadə edilib.Nəticədə kredit vəsaitlərindən istifadə müddəti daha bir il uzadılıb.
Layihə çərçivəsində keçirilmiş satınalmalar üzrə bağlanmış müqavilələrin icra və ödəniş qrafiklərinə müxtəlif səbəblərdən (inzibati, təşkilati, maliyyə və s.) dəyişikliklər edilərək illik maliyyə planlarında dəqiqləşdirmələr aparılsa da, həmin planlara tam riayət edilməmişdir.
Layihənin həyata keçirilməsi üzrə İşçi qrupu (LHKQ) ilə Layihənin təşkilati strukturuna daxil olan və ASC-nin rayon suvarma sistemləri idarələri (RSSİ) ilə əlaqəli fəaliyyət göstərən Rayon Dəstək Qrupları (RDQ) arasında nəticələr üzrə müqavilələr bağlanılmadığı müəyyən edilb. Bununla yanaşı, Layihə çərçivəsində bərpa işlərinin başa çatmasına baxmayaraq, Sudan İstifadəedənlər Birliklərinin (SİB-lərin) 20 il müddətinə sistemlərdən istifadə etmək, istismar və texniki xidmət göstərmək üçün öhdəliklərin qəbul edilməsi barədə infrastrukturun uzunmüddətli istifadəsinə dair RSSİ-lərlə müvafiq sazişlərin bağlanılması təmin edilməyib.
Eyni zamanda, Layihə çərçivəsində SİB-lərin fəaliyyətinin təkmilləşdirilməsi, faydalı iş əmsalının daha da artırılması məqsədilə SİB-lərə təhvil verilmiş ofis binalarının yerləşdiyi torpaq sahələrinə dair istifadə hüquqlarının torpaq qanunvericiliyinə uyğun olaraq tam rəsmiləşdirilməsi aparılmayıb.
Cəmiyyətin SİB-lər üzrə nəzarət bölməsinin potensialının artırılması (gücləndirilməsi), bu bölmənin fəaliyyətinin Layihənin Mərkəzi Dəstək Qrupu (MDQ) və LHKQ ilə sıx koordinasiya edilməsi, SİB-lərin “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq fəaliyyət göstərməsi tam təmin edilməyib.
17 RDQ-nin təmiri başa çatmış ofis binalarına və LHKQ-nin ofisinin təmirinə xərc edilmiş vəsait, habelə istismara qəbul edilmiş 15269,8 min manat dəyərində 7 suvarma-drenaj infrastrukturu obyekti aidiyyəti qurumların balansına verilməyib.
Eyni zamanda, Layihənin hədəf göstəricilərinə nail olunması vəziyyətinin araşdırılması nəticəsində müəyyən olunub ki, 2015-ci ilin sonuna nəzərdə tutulmuş kəmiyyət göstəricilərinə tam, keyfiyyət göstəricilərinə isə qismən nail olunub. Belə ki, Layihənin əsas nəticə göstəricilərinə (hədəflərinə) nail olunmasının qiymətləndirilməsi üzrə əhatəlilik, müvafiq uçot və müqayisələrin dəqiq aparılması, müvafiq nəticə göstəriciləri üzrə Layihə ilə əhatə edilən SİB-lərdə məhsuldarlığın artımı, əkinlərin suvarma suyuna olan tələbinin təmin edilməsi, suvarma xidmət haqqının yığım faizinin artırılması, habelə SİB-lərin potensialının gücləndirilməsi tədbirlərinin davamlılığı tam təmin edilməyib.
Əhməd Əhmədzadə
Hesablama Palatasının Kollegiyası “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC tərəfindən həyata keçirilən “Sudan İstifadəedənlər Birliklərinin İnkişafına Dəstək” Layihəsi üzrə vəsaitlərin istifadə edilməsində yol verilmiş nöqsanların aradan qaldırılması barədə Qərar qəbul edib, icra olunması və həyata keçirilmiş tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi məqsədilə Qərarın surəti “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-yə göndərilib.
Auditin nəticələri ilə bağlı Azərbaycan Respublikası Milli Məclisinə məlumat verilib.
Bu da son deyil...
Xatırladaq ki, Hesablama Palatası 2015-ci ildə də “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin fəaliyyətində ciddi maliyyə pozuntuları aşkar etmişdi.
Belə ki, ASC-nin Samur-Abşeron kanalı İstismar İdarəsi tərəfindən dövlət büdcəsinin gəlirlərinin hesablanılması və dövlət büdcəsinə ödənilməsinin, dövlət əmlakından istifadə olunmasının qanunvericiliyə uyğunluğuna dair Vergilər Nazirliyi ilə birgə auditi aparılıb. Hesablama Palatasının 2015-ci ildə fəaliyyəti haqqında hesabat sənədinə əsasən, audit nəticəsində müəyyən edilib ki, Cəmiyyətin Samur-Abşeron kanalı İstismar İdarəsi Vergilər Məcəlləsinin tələblərinə əməl etməyərək vergituma məqsədləri üçün mənfəət məbləği ümumilikdə 586,7 min manat, dövlət büdcəsinə ödənilməli olan ƏDV-ni isə 8,3 min manat azaldıb. Vergi tutulan əməliyyatların aparıldığı vaxt düzgün müəyyən edilmədiyi üçün 66,6 min manat ƏDV məbləği gec hesablanıb, bu isə hesablanan ƏDV məbləğlərinin dövlət büdcəsinə vaxtında ödənilməməsinə səbəb olub.
Sənədə əsasən, meliorasiya və irriqasiya tədbirləri üçün dövlət büdcəsindən ayrılan vəsaitin 1,580 mln. manatı həmin tədbirlərə deyil, əmtəəlik suyun nəqli üçün sərf edilən elektrik enerjisi haqqının ödənilməsinə xərclənib. Satılan suya görə debitor borcu 01.01.2012-ci il tarixə nisbətən 3,6 dəfə artaraq 01.01.2015-ci il tarixə 16,524 mln. manat olub. İdarənin mərkəzi anbarında 5,6 min manat dəyərində çatışmazlıq aşkar edilib. Kanala daxil olan və kanaldan istehlakçılara verilən suyun miqdarının ölçülməsi üçün müasir ölçü cihazları quraşdırılmayıb.
Dəyişən heç nə yoxdur?!
Qeyd edək ki, Hesablama Palatasının 2014-cü ildə də Zaqatala rayonunda apardığı yoxlamalar nəticəsində çoxsaylı nöqsanlar aşkarladığı barədə məlumat yayılmışdı. Həmin vaxt bildirilirdi ki, Rayon İcra Hakimiyyəti başçısınının Zaqatala Şəhəri İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi, Kommunal Müəssisələri Kombinatı və Mənzil Təmir İstismar Sahəsində ciddi maliyyə pozuntular aşkarlanıb.
Bir sözlə, son illərdə Hesablama Palatası Əhmədzadə qardaşlarının rəhbərlik etdikləri qurumda davamlı nöqsanlar aşkarlasa, korrupsiya faktları ortaya qoysa da, müsbət mənada dəyişən heç nə yoxdur. Yeni auditlər yeni nöqsanlar, yeyintilər ortaya çıxarmağa davam edir.
Yəni aşkarlanan korrupsiya hallarından çıxarılan nəticə əslində nəticəsizlikdir.
Maraqlıdır, belədə əziyyət çəkib bu auditləri həyata keçirməyin mənası nədir?!
Ümumilikdə isə, Hesablama Palatasının yoxlamaları nəticəsində ciddi nöqsanların aşkarlandığı qurumlarla bağlı sərt qərarlar qəbul edilməyəcəksə, həmin yoxlamaların hansı səmərəliliyindən, effektivliyindən, büdcə vəsaitlərinin şəffaf və təyinati üzrə xərclənməsinə hansı müsbət təsirindən danışmaq olar?
MilliYol.Az
Digər xəbərlər
loading...