Amerika Hərbi Dəniz Qüvvələrinin zabiti Nəimi Amiral Amerikanın 5-ci Donanmasında xarici əlaqələr şöbəsinin rəisi vəzifəsinə təyin olunub.
MilliYol.Az-ın məlumatına görə, bu barədə onun dostu, diaspora üzrə araşdırmaçı ekspert Elnur Eltürk məlumat yayıb.
Bildirib ki, Amerikanın 5-ci Donanması Bəhreyndə yerləşir. 5-ci Donanma Fars Körfəzi, Hind Okeanı və 22 Yaxın Şərq ölkəsini əhatə edən böyük bir coğrafiyanın təhlükəsizliyini təmin edir. Nəimi Amiral bundan əvvəl Pentaqonda, Dəniz Qüvvələri mərkəzi aparatında Rusiya və Avropa şöbəsinə rəhbərlik edirdi. Bu günlərdə komandanlıq tərəfindən Nəimi Amiral bu vəzifəyə təyin olunub.
Nəimi Əmirəl əslən Naxçıvanın Babək rayonunun Nehrəm kəndindəndir. O, uzun müddətdir ki, Amerika Birləşmiş Ştatlarında yaşayır və Amerika ordusunda xidmət edir.
ABŞ-ın Respublikaçılar Partiyasının nümayəndəsi olan Nəimi Əmirəl Amerika tarixində ilk azərbaycanlı olaraq Virciniya Əyalət Məclisinə daxil olmaq üçün partiya namizədi olub. O, Vaşinqton Milli Müdafiə Universitetinin məzunudur. ABŞ Hərbi Dəniz Qüvvələri zabitlərinin hazırlandığı hərbi məktəblərdə də təhsil alıb. Bununla yanaşı, Nyu-Yorkda yerləşən nüfuzlu universitetlərdə siyasi əlaqələr, biznes və maliyyə ixtisasları üzrə təhsilini davam etdirib.
Azərbaycan, İngilis, Rus və İtalyan dillərini mükəmməl bilir. 2001-ci ildə 11 sentyabr hadisələrindən qısa müddət sonra ABŞ hərbi donanmasında xidmətə başlayıb və daha sonra 2005-ci il avqust ayında ABŞ Dəniz Donanmasının zabit məktəbini bitirdikdən sonra prezident Corc Buşun sərəncamı ilə zabit rütbəsi alıb. Nəimi Əmiral Amerika Birləşmiş Ştatları Donanmasının Avropa və Afrika qüvvələri baş qərargahında Xarici Əlaqələr Zabiti olaraq xidmət edib.
Gənc zabit ilk olaraq İdarəolunan Raket əleyhinə USS ARLEIGH BURKE - (DDG-51) gəmisində diviziya rəhbəri və helikopterlərə nəzarət mütəxəssisi kimi xidmət edib. Gəmi xidmətindən sonra Əmiral İnteqrallaşdırılmış Loqistik Dəstək bölməsinin rəhbər müavini və Dövlət Satın Alma Rəsmisi kimi xidmət edib, Corc Buş aviadaşıyıcısının tikintisi və ABŞ hərbi donanmasının gəmiləri üçün milyon dollarlarla vəsaiti idarə edərək loqistik dəstək göstərib.
2010-cu ilin may ayından 2011-ci ilin may ayına kimi ABŞ Dəniz Mühəndisliyi Batalyonlarindan birinin vəzifəli məmuru olaraq çalışıb. Onun komandanlığı altında 200-dən çox şəxsi heyət ABŞ-ın Cənubi Amerikaya Humanitar Dəstək Əməliyyatlarında iştirak edib.
Daha sonra ABŞ Birləşmiş Qərargahına təyin olunaraq NATO Təlim Missiyası-Əfqanıstanla Əlaqə heyətində zabit kimi xidmət edib. Bu ABŞ / NATO proqramı Əfqan Milli Polis Təşkilatına yardım etmək üçün minlərlə əfqan polis məmurlarını təlimləndirib. Nəimi Əmiral Əfqanıstanın sabiq Prezidenti Hamid Kərzai tərəfindən Əfqanıstanın Milli Təhlükəsizliyinə etdiyi töhfələrə görə Əfqanıstan Daxili İşlər Nazirliyinin Şərəf medalı ilə təltif edilib.
2013-cü ildən 2015-ci ilə kimi Pentaqonda F35 tipli Qırıcı təyyarələrin baş ofisində məsul vəzifədə xidmət edib. Burada o, Proqram Meneceri / Strateji Əməliyyatlar üzrə Nümayəndə vəzifəsində çalışıb.
2016-cı ildə Nəimi Əmiral Amerika Birləşmiş Ştatlarının Rumıniyada istifadəyə verilmiş Ballistik Raketlərə Qarşı Müdafiə Sistemi hərbi bazasında xarici əlaqələr bürosunun direktoru vəzifəsinə təyin olunub. Nəimi Əmiral NATO-nun baş katibi, Rumıniyanın baş naziri və ABŞ Müdafiə nazirinin müavini və digər tanınmış şəxslərin də iştirak etdiyi AEGIS Ashore Rumıniya Açılış Mərasimi komitəsinin sədri vəzifəsində çalışmışdır. Ruminiyada olarkən Əmiral evsiz Rumın ailələrinin həyatını yaxşılaşdırmaq üçündə müəyyən işlər görüb. Nəimi Rumıniya Baş naziri tərəfindən ABŞ-Rumıniya əlaqələrinə etdiyi töhfələrinə görə təltif edilib.
2016-cı ilin sonlarında Əmiral ABŞ-ın və Koalisiya üzvlərinin əməliyyatlarına dəstək göstərilməsi üçün Suriyada və İraqda əməliyyatlar həyata keçirən Fransız Charles De Gaulle aviadaşıyıcısınında ABŞ və NATO nümayəndəsi kimi xidmət edib. Bu xidmətə gorə Fransanın sabiq prezidenti tərəfindən Fransanın 'Moyen Orient' (Orta Şərq) medalı ile təltif edilib.