Dövlət Təhlükəsizliyi Xidmətinin korrupsiya ilə əlaqədar keçirdiyi xüsusi əməliyyat zamanı saxlanılan gömrük general-mayoru Ehtiram Xəlilov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” birliyinin sabiq direktoru Ehtiram Xəlilovun külli miqdarda rüşvət almaqda və vəzifə səlahiyyətlərini aşmaqda ittiham edildiyi bildirilir.
Modern.az saytının məlumatına görə, DTX-nın məlum əməliyyatı ilə bağlı bugün-sabah rəsmi məlumat açıqlanacağı gözlənilir.
Saxlanılan gömrük general-mayoru Ehtiram Xəlilovun tərcümeyi-halında maraqlı məqamlar diqqət çəkir. Məsələn o, 38 yaşında Bakı Dövlət Universitetinin Hüquq fakültəsində ali təhsil alıb, adı daim qara işlərdə hallansa da, 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni və "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunub.
Məlumatlara görə, Dövlət Gömrük Komitəsində çalışdığı müddətdə Ehtiram Xəlilov həmişə mənfi reputasiyalı gömrükçü kimi tanınıb. Onun hətta “Yas Ehtiram” ləqəbilə tanındığı da iddia olunur.
Ehtiram Xəlilovun dosyesini təqdim edirik:
5 iyun 1965-ci ildə Göyçay rayonu Bığır kəndində anadan olub.
1983-1985-cı illərdə hərbi xidmət keçib.
1986-1997-ci illərdə daxili işlər orqanlarında çalışıb.
1992-ci ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsini bitirib.
1997-ci ildən Gömrük orqanlarında xidmət göstərməyı başlayıb.
1997-ci ildə Bakı Baş Gömrük idarəsinin Bərə keçid postunun inspektoru və Gömrük rəsmiləşdirilməsi şöbəsinin inspektoru vəzifələrində işləyib.
2000-ci ildə Enerji Gömrük idarəsinin Liman Gömrük postunun rəisi, 2003-cu ildə Enerji Gömrük idarəsinin Səngəçal postunun rəisi vəzifələrində çalışıb.
2003-cü ildə isə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində qiyabi təhsil alıb.
2003-2013-cü illərdə Sumqayıt Baş Gömrük idarəsinin rəisi, 2013-2018-ci illərdə Aksiz Baş Gömrük idarəsinin rəisi işləyib.
2018-ci ildən Dövlət Gömrük Komitəsi “Azərterminalkompleks” birliyinin direktoru vəzifəsinə təyin edilib.
3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni və "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunub.
Ailəlidir, bir övladı var.