Azərbaycan Prezidenti İlham Əliyev IX Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib.
MilliYol.az xəbər verir ki, tədbirdə Gürcüstanın Prezidenti Salome Zurabişvili, Albaniya Prezidenti İlir Meta, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Şefik Caferoviç və digər ölkələrin yüksək vəzifəli şəxsləri iştirak edirlər.
Forum hazırda çıxışlarla davam edir.
10.25
Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı “Qlobal dünya nizamına təhdidlər” mövzusunda keçirilən IX Qlobal Bakı Forumu başlayıb.
MilliYol.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumun açılış mərasimində iştirak edir.
Prezident Forumda çıxış edir.
Ailə fotosunun çəkilişindən sonra Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, 1992-2000-ci illərdə Dünya Bankının vitse-prezidenti İsmail Serageldinin moderatorluğu ilə təşkil olunan açılış mərasimində Azərbaycan Prezidenti çıxış edəcək. Daha sonra Yüksək Səviyyəli Açılış Paneli olacaq. İsmail Serageldinin moderator olacağı paneldə Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Şefik Caferoviç, Albaniya Respublikasının Prezidenti İlir Meta, Gürcüstanın Prezidenti Salome Zurabişvili, Bolqarıstan Respublikasının Baş naziri Kiril Petkov, Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus, BMT-nin Cenevrə ofisinin baş direktoru Tatyana Valovaya, Ərəb Dövlətləri Liqasının baş katibi Ahmed Aboul Gheit çıxış edəcək. İtaliyanın Azərbaycandakı səfiri Klaudio Taffuri İtaliya Respublikasının Prezidenti Sergio Mattarellanın mesajını çatdıracaq, Monteneqro Prezidenti Milo Dukanoviçin və Latviya Respublikasının Prezidenti Egils Levits (videomesaj) videomesajları olacaq, Şimali Makedoniya Respublikasının Prezidenti Stevo Pendarovskinin videomüraciəti səsləndiriləcək. Yüksək Səviyyəli Açılış Panelində 2016-2018-ci illərdə Türkiyə Respublikasının Baş naziri, 2018-2019-cu illərdə Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırımın çıxışı, BMT baş katibi yanında Sivilizasiyalar Alyansının Ali Nümayəndəsi Migel Angel Moratinosun videomüraciəti, BMT-nin Qlobal Təhsil üzrə Xüsusi Elçisi, ÜST-nin Qlobal sağlamlığın maliyyələşdirilməsi üzrə səfiri Qordon Braunun onlayn çıxışı da olacaq.
Daha sonra Nizami Gəncəvi Beynəlxalq Mükafatı təqdim olunacaq.
Qeyd edək ki, 16,17 və 18 iyun tarixlərində keçiriləcək IX Qlobal Bakı Forumu çərçivəsində “Ukrayna müharibəsi, müqavimət, qaçqınlar və yenidənqurma”, “Qlobal təhükəsizlik strukuruna və sülh perspektivlərinə təkrar baxış”, “Enerji təhlükəsizliyinə cari təhlükələr: Onların xarakteri, miqyası və aradan qaldırılmasının səmərəli yolları”, “Qlobal səhiyyənin idarə edilməsi”, “Cənubi Qafqaz, sülh, əməkdaşlıq və inteqrasiya”, “Dəyişən Avropa və Qərbi Balkan regionunun təhlükəsizliyi”, “Yaxın Şərq, ərəb və müsəlman dünyasında sülh, sabitlik və inkişaf axtarışında”, “Qloballaşma və artan bərabərsizliklər”, “XXI əsrdə insan hüquqları, demokratiya və yeni çağırışlar”, “Yoxsulluq, aclıq, ərzaq və kənd təsərrüfatı sektorunun dəyişməsi” və “Gənclər danışsın, biz dinləyək” mövzularında panellər təşkil olunacaq.
Forumda ümumilikdə 53 ölkədən 400-ə qədər nümayəndə, o cümlədən dövlət və hökumət başçıları, sabiq dövlət və hökumət başçıları, gənc liderlər iştirak edir.