Milli Hərəkatçılar Birliyi Elçibəysevərlərə müraciət edib.
MilliYol.az xəbər verir ki, birliyin müraciətində deyilir:
"Dəyərli xanımlar və bəylər!
Ölkəmiz iqtisadi, ictimai-siyasi və beynəlxalq şəraitin çox mürəkkəb olduğu bir mərhələdən keçir. Müxtəlif daxili və xarici faktorlar vəziyyəti daha da çətinləşdirir. Xaricdən təzyiq və təxribatlar olması təbiidir, lakin buna qarşı durmaq üçün bütün milli qüvvələrin həmrəylik içində olması önəmlidir.
Bu mənada düşünürük ki, 24 iyunda böyük liderimiz Əbülfəz Elçibəyin məzarının birlikdə, eyni saatda, ortaq bir çələnglə ziyarət edilməsi milli qüvvələrin birliyi və əməkdaşlığı yolunda önəmli bir addım olar. Vətəni, milləti sevən, xalqımızın problemlərinə çözüm tapmaq istəyən bütün qüvvələri - ictimai və siyasi təşkilatları - həmrəylik göstərərək bu addımı atmağa çağırırıq.
Bunu da əlavə etmək lazımdır ki, Kələkidə hər il ənənəvi olaraq keçirilən doğum günü tədbiri bu il 24 iyun günü saat 11.30-da MHB təşkilatçılığında keçiriləcək. Həm Fəxri Xiyabandakı ziyarətçilərlə, həm də xarici ölkələrdəki təmsilçilərlə bağlantı qurmaq, Kələkidəki tədbir iştirakçılarına müraciət etmək imkanı olacaq. Kələkidəki tədbirə eyni zamanda, demək olar ki, bütün siyasi partiyaların Naxçıvandakı şöbələri qatılırlar.
Siyasi partiyalarımızın Bakıdakı mərkəzlərinin də eyni davranışı sərgiləmələri fövqəladə müsbət bir addım olardı. Bütün milli qüvvələrin lider olaraq qəbul etdiyi Elçibəyin məzarını bu günə qədər müxtəlif saatlarda ziyarət edərək, birlikdə olmadığımızı sanki xüsusi olaraq nümayiş etdirmişik. Həmin gün ortaq bir ziyarətin gerçəkləşdirilməsi isə milli birlik yönündə ümidləri canlandıracaq. Həmrəylik və əməkdaşlıq ruhunun dirçəlməsinə səbəb olacaq.
Bunun üçün heç bir şərt, tələb ortaya qoymadan, sadəcə və sadəcə böyük liderimizin ruhunu şad etmək üçün 24 iyun günü saat 12.00-da bir araya gələk, onun məzarını birgə ziyarət edək.
Bu yolda hər kəsə uğurlar diləyirik".