"Naxçıvana təyyarəyə bilet tapılmır".
MilliYol.Az xəbər verir ki, bunu Milli Məclisin əslən Naxçıvandan olan deputatı Fazil Mustafa bildirib.
Deputat naxçıvanlıların əlacsız qaldığını vurğulayıb:
"Onlarla zəng edib köməklik istəyir. Əməlli-başlı dərəbəylikdir. Biriləri kimsənin rəyini soruşmadan bilet qiymətini qaldırır, biriləri təyyarə sayını qəsdən artırmır ki, Türkiyəyə biletlərin bahalığına görə Naxçıvan üzərindən gedilməsin, əvəzində isə yoxsul Naxçıvan camaatı zülm çəkir. Günlərlə kassa qarşısında növbəyə durub 20 gün sonraya belə bilet tapa bilməyən insanların halına acıyan bir səlahiyyətli şəxs varmı? Sadəcə ayıb olsun, ar olsun deyirəm, onsuz da otuz ildir blokadanın əziyyətini çəkir Naxçıvan camaatı, erməninin verdiyi əziyyət yetərli deyilmi? Təcili əlavə təyyarələr ayırın, bu məsələni dərhal həll edin. Sabah Milli Məclisdə sözümü bu mövzuda deyəcəyəm".
Xatırladaq ki, "Azərbaycan Hava Yolları" şirkəti (AZAL) bu yaxınlarda Bakı-Naxçıvan və Naxçıvan-Bakı istiqamətlərində aviabiletin qiymətini 50 manatdan 60 manata qaldırıb. Bu addım Naxçıvandan olan vətəndaşların narazılığı ilə qarşılanıb.