“Əslində bu bəyanat daha çox rus xalqının alt şüuruna hesablanıb. Bilirik ki, ruslar müharibə şəraitində yenidən doğulmağı bacaran xalqdır və Putin də əslində bunu demək istəyir ki, bu müharibə də yeni və daha böyük bir Rusiya formalaşdıracaq”.
Bu sözləri politoloq Samir Hümbətov Rusiya prezidenti Vladimir Putinin özünü I Pyotrla müqayisə etməsini PİA.az-a şərh edərkən qeyd edib.
Fevral ayında Ukraynaya silahlı müdaxiləyə əmr verən Rusiya Prezidenti ilk dəfə olaraq ölkəsinin indiki hədəfinin əraziləri “qaytarmaq” olduğunu deyib. Vladimir Putin hazırkı hadisələri Rusiya imperiyasının ən parlaq nümunələrindən biri olan və dünən 350 illik ildönümü qeyd olunan I Pyotrun dövrü ilə müqayisə edib: “Bir növ özümüzü müdafiə etməli olduğumuz, bunun üçün mübarizə aparmalı olduğumuz aydın bir şeydir. İndi biz I Pyotrun 350 illiyinə həsr olunmuş sərgidə idik. Demək olar ki, heç nə dəyişməyib. Qəribədir! Necəsə belə bir anlayışa gəlirsən. I Pyotr Şimal müharibəsində 21 il vuruşdu. Kiməsə elə gələ bilər ki, İsveçlə müharibə aparırdı, nəyisə ayırırdı. ... Heç nəyi ayırmırdı! O, qaytarırdı! Bəli, elə də var! Sankt-Peterburqun qurulduğu yerdə - o, yeni paytaxtın təməlini qoydu. Avropa ölkələrinin heç biri bu ərazini Rusiya kimi tanımadı, hamı onu İsveç ərazisi kimi tanıyırdı. Və orada əsirlər boyu fin-uqor xalqları ilə yanaşı, slavyanlar da yaşayırdı və ərazi Rusiya dövlətinin nəzarəti altında idi. Qərb istiqamətində də eynisi olub. Bu, Narvaya aiddir - onun ilk yürüşləri. Niyə oraya soxuldu axı? Qaytarırdı. Və gücləndirirdi. Bax bunları edirdi. Belə görünür ki, qaytarmaq və gücləndirmək bizim də payımıza düşdü”, deyə Vladimir Putin deyib.
21-ci əsrdə Rusiya kimi böyük bir dövlətin başında belə bir zəkaya sahib olan bir şəxsin olmasını necə dəyərləndirmək olar? Ümumiyyətlə Putinin son açıqlamalarına dayanarsaq, Rusiya prezidentinin psixoloji durumu barədə nə demək mümkündür?
Putinin özünü Böyük Pyotrla müqayisə etməsini PİA.az-ın əməkdaşı “Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi”nin rəhbəri, politoloq Samir Hümbətov ilə müzakirə edib.
Samir Hümbətov: “Putin demək istəyir ki, bütün vəziyyətlərdə müharibənu məğlubiyyətlə bitirməyi düşünmür və buna heç kim ümid eləməsin. Yəni müharibə illərlə davam edə bilər və bütün halalrda müharibəni Rusiya qazanacaq”.
Rusiyanın nəyinki 21 il, bundan sonra heç 2 il belə müharibə aparmaq imkanının olmadığını vurğulayan politoloq PİA.az-a bildirib ki, Putin bu açıqlama ilə həm müharibənin illərlə uzana biləcəyinin mesajını ötürür, həm də özünə təsəlli verməyə çalışır:
“Rusiya prezidenti Vladimir Putinin indiki vaxtda belə bir açıqlama verməsinin iki səbəbi var:
1. Bunu publikaya hesablanmış açıqlama kimi qiymətləndirmək olar. Yəni rus cəmiyyətinə verilən açıqlama kimi qəbul etmək olar ki, bunun la da Rusiya lideri xalqı sakitləşdirməyə, səbrli olmağa və uzun illər davam eləsə belə, müharibəni udmaq imkanların olduğunu nəzərə çarpdırmaq istəyir.
2. Bu açıqlama xaricə, yəni kənar güclərə verilən açıqlama kimi də dəyərləndirilə bilər. Çünki hazırda Ukraynada qaynar müharibə nə qədər şiddətlə getsə də, daha qaynar müharibə diplomatik cəbhədə gedir. Buna əsab müharibəsi də demək olar. Putin bununla demək istəyir ki, bütün vəziyyətlərdə müharibəni məğlubiyyətlə bitirməyi düşünmür və buna heç kim ümid eləməsin. Yəni müharibə illərlə davam edə bilər və bütün halalrda müharibəni Rusiya qazanacaq.
Putin ona görə rus cəmiyyətinə belə bir açıqlama verir ki, Ukrayna məsələsində Rusiyanın ciddi uğur əldə edə bilməməsi rus cəmiyyətində parçalanmalara səbəb olur. Artıq cəmiyyətdə müəyyən təbəqələrin nümayəndələri Putinin işğalçı siyasətinə qarşı etirazını bildirməyə başlayıb. Eyni zamanda Rusiyaya qarşı tətbiq edilən sanksiyalar Rusiyanının müxtəlif təbəqələrində bu və ya digər formada etiraza səbəb olub.
Düşünürəm ki, Putin bu açıqlamanı verməklə əslində onu bildirməyə çalışır ki, guya Rusiya itirilmiş əraziləri geri qaytarmaq kimi addımlar atmağa çalışır və buna da nail olacaq. Əslində bu bəyanat daha çox rus xalqının alt şüuruna hesablanıb. Bilirik ki, ruslar müharibə şəraitində yenidən doğulmağı bacaran xalqdır və Putin də əslində bunu demək istəyir ki, bu müharibə də yeni və daha böyük bir Rusiya formalaşdıracaq.
Samir Hümbətov: “Mən hesab edirəm ki, nəyin necə olacağını, Ukrayna böhranının necə sonuclanacağını gələn il, ən geci 2024-cü ildə görəcəyik”.
Putinin belə düşünməsini xəstə adamın şüur axını kimi dəyərləndirmək olar. Lakin Putinin yerinə özümüzü qoyarsaq, görərik ki, burda ediləcək başqa heç bir şey yoxdur. Yəni bu bir anlamda Putinin özünə verdiyi bir təsəllidir.
Putinin bu açıqlamasının xaricə verilmə səbəbi də odur ki, o, uzun illər müharibə apara biləcəklərini Qərbə mesajla çatdırmaq istəyir. Putin geri çəkilməyəcəyini və bütün halalrda müharibəni Rusiyanın maraqları çərçivəsində bitirəcəyinin mesajını verir.
Putinin bu təsəvvürləri bir xəyalı kimi də dəyərləndirilə bilər. Çünki Rusiyanın indiki geosiyasi, geoiqtisadi vəziyyəti və hərbi qüdrəti elə bir haldadır ki, onun bu resurslarla uzun illər boyu müharibə aparması imkansız görünür. Mən hesab edirəm ki, nəyin necə olacağını, Ukrayna böhranının necə sonuclanacağını gələn il, ən geci 2024-cü ildə görəcəyik.
Pyotrun apardığı müharibələrə gəlincə, 17-18-ci əsrlərdə aparılan müharibələri indiki zamanın müharibələri ilə müqayisə eləmək heç mümkün deyir. Ən azından ona görə ki, Rusiya imperiyası həmin dövrdə özünün inkişaf mərhələsinin başlanğıcında idi və Rusiya heç də indiki kimi təklənməmişdi.
Artıq 3 aydır davam edən müharibə demək olar Rusiya iqtisadiyyatını iflic vəziyyətə gətirib. Tətbiq edilən sanksiyalar Rusiyanın iqtisadi imkanlarını demək olar ki, məhdudlaşdırmağa doğru gedir. Düşünmürəm ki, Rusiyanın nəyinki 21 il, bundan sonra heç 2 il belə müharibə aparmaq imkanı olsun”.