"Uşaq və Yeniyetmələrə Dəstək” ictimai birliyi (UYD) “Kənd icmalarında gənclərlə birlikdə sülh və mədəni müxtəliflik naminə maarifləndirmə” layihəsinin icrasına başlayıb. Layihə Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və NAYORA-nın "Gənclər Təşkilatlarının Fəaliyyətlərinin Dəstəklənməsi" proqramı çərçivəsində həyata keçirilir.
Qeyd edək ki, Zaqatala və Ağsu rayonlarında icra olunan layihənin məqsədi dinc cəmiyyətlərdə birgə yaşayışın formalaşdırılması və dayanıqlılığının davam etdirilməsi naminə gəncləri maarifləndirərək onların rolunu artırmaqdan ibarətdir. Layihə məqsədinə çatmaq üçün qeyd olunan regionlardan 30 nəfər kənd icmalarında yaşayan gənc təlimlərə cəlb olunur.
Təşkil olunan təlimlər Tolerantlıq, Stiqma və qərəzlilik, Problemin həlli, Vasitəçilik, Səmərəli ünsiyyət, Gender və gender stereotipi, Mədəniyyətlərarası dialoq mövzularını əhatə etməklə sülh və mədəni müxtəlifliyin aşılanmasına xidmət edir.
Məlumat üçün qeyd edək ki, layihənin icrası BMT-nın Dayanıqlı İnkişaf Məqsədlərinin 4.7-ci hədəfi olan “2030-cu ilədək, bütün təhsil alanların başqa vasitələrlə yanaşı, dayanıqlı inkişaf və dayanıqlı həyat tərzləri, insan hüquqları, gender bərabərliyi, sülh və qeyri-zorakılığın təşviq edilməsi, dünya vətəndaşlığı konsepsiyası və mədəni müxtəliflik dəyərlərinin başa düşülməsi və mədəniyyətin dayanıqlı inkişafa töhfəsi sahələrində maarifləndirmə vasitəsilə dayanıqlı inkişafı təşviq etmək üçün zəruri olan bilik və vərdişlərə yiyələnmələrini təmin etmək” kimi hədəfinə töhfə vermək məqsədilə icra olunur.