Bakı Dövlət Universitetinin Beynəlxalq jurnalistika kafedrasının professoru, filologiya elmləri doktoru Nəsir Əhmədli vəfat edib.
MilliYol.Az xəbər verir ki, o, bu gün dünyasını dəyişib.
Qeyd edək ki, Nəsir Əhmədli 1942-ci ildə Tovuz rayonunun Alakol kəndində anadan olub. 1959-cu ildə həmin kənddə orta məktəbi, 1971-ci ildə BDU-nun Jurnalistika fakültəsini bitirib. 1981-ci ildə namizədlik dissertasiyasını, 2007-ci ildə doktorluq dissertasiyası müdafiə edib.
Müxtəlif illərdə V.Sturua adına Bakı Gəmi Təmiri Zavodunda, Azərbaycan Dövlət Televiziyasında çalışıb. 2004-cü ildən "Beynəlxalq jurnalistika" kafedrasında çalışıb. 100-dən artıq elmi məqalənin, 3 monoqrafiyanın, 1 dərsliyin, 5 dərs vəsaitinin, bütövlükdə 15 kitabın müəllifidir. 10 elmlər namizədinə rəhbərlik edib, 1 elmlər doktorunun, 11 elmlər namizədinin rəsmi opponenti olub. Beynəlxalq radio yayımının jurnalistikanın bütün sahələrinə tətbiq edilə biləcək model-sxemini hazırlayıb, bu sahədə fəaliyyət göstərən 6 qanun aşkarlayıb.
"Media açarı-2006"ya, Ali Media Mükafatına, müxtəlif diplom və Fəxri Fərmanlara layiq görülüb. Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin, Azərbaycan Mətbuat Şurası İdarə heyətinin üzvü idi.
2010-cu ildə Əməkdar jurnalist fəxri adı, 2019-cu ildə III dərəcəli "Əmək" ordeni ilə təltif edilib.