Hamıya bəllidir ki, Azərbaycan böyük tranzit potensialları olan bir dövlərdir və digər ölkələr üçün özünün tranzit imkanlarını təqdim edir. Bu potensialdan da maksimum dərəcədə istifadə oluna bilər. Təəssüf ki, bu günədək bu potensialdan tam istifadə olunmayıb. Azərbaycanın mühüm tranzit ölkəsi qismində potensialı təchizatçılar tərəfindən düzgün qiymətləndirilməmişdir.
Ölkəmizin şaxələndirilmiş ixrac marşrutları vardır. Müxtəlif istiqamətə uzanan 3 neft boru kəməri və 4 qaz boru kəməri mövcuddur. Elektrik enerjisi xətlərinə gəldikdə isə Azərbaycan 4 qonşu ölkəyə elektrik enerjisi ixrac edir və Avropaya elektrik enerjisi ixrac etməyi planlaşdırılır.
Azərbaycan zəruri infrastruktura malikdir. Dəniz limanı, bütün istiqamətlərlə bizi birləşdirən dəmir yolu, avtomobil yolları və hava limanları mövcuddur. Azad olunmuş ərazilərdə üç yeni hava limanı olacaq. Onlardan biri artıq istifadə verilib. Digər hava limanlarında tikinti başa çatdırıldıqdan sonra Azərbaycan 9 beynəlxalq hava limanına sahib olacaqdır.
Azərbaycanın ən böyük şirkəti olan SOCAR, dünyanın ən məşhur transmilli Şirkətlərindən biri olan və ilk onluğa daxil olan BP ilə strateji tərəfdaşdır. Azərbaycan üçün neft və qaz sahəsində BP strateji tərəfdaş və aparıcı investordur. Hazırda SOCAR və BP azad olunmuş Cəbrayıl rayonunda 200 meqavatdan artıq gücə malik elektrik enerjisi stansiyasının inşasını müzakirə edirlər.
Həyata keçirdiyimiz və keçirilməsini planlaşdırdığımız enerji layihələri daxili inkişafımız üçün də çox əhəmiyyətlidir. Enerji amili, enerji diplomatiyası və bütün layihələr ölkəmizin iqtisadi potensialını gücləndirir. Neft-qaz sektorundan əldə edilən gəlirlər iqtisadiyyatımızın qeyri-neft sektoruna yönəldilir.
Azərbaycan iqtisadi sahədə də yeni uğurlar qazanmaqdadır. Belə ki, bu ilin ilk dörd ayı ərzində ümumi daxili məhsul 7.2 faiz artmışdır. Qeyri-neft sektorunda artım 11.5 faiz, qeyri-neft sənayesində artım 15 faizdən artıq olmuşdur. Uzun müddət pandemiya şəraitində qalan bir ölkə üçün bunlar çox önəmli əhəmiyyətə malik olan rəqəmlərdir.
Müasir dövrdə dövlətlərin xarici borclarının səviyyəsi çox önəmli göstərici hesab olunur. Xarici borcumuzun Ümumi Daxili Məhsulun yalnız 12.5 faizini təşkil etməsi münbit iqtisadi şəraitin yaradılması kimi qiymətləndirilir. Dövlət başçısının əsas hədəflərindən biri də, Azərbaycanın xarici borcunun Ümumi Daxili Məhsulun 10 faizi səviyyəsinə salınmasıdır. Həyata keçirilən iqtisadi tədbirlər və qəbul olunmuş qərarlar ona dəlalət edir ki, ölkəmiz bu hədəfə də vaxtında ulaşacaqdır.
Ruyal Mədədov - "Bakı Avrasiya" Universitetinin Tələbə-Gənclər Təşkilatının sədr müavini, Nərimanov rayonun fəal gənci