Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Böyük Britaniyada nəşr olunan “The Economist” jurnalı üçün məqalə yazıb.
MilliYol.Az xəbər verir ki, məqalədə deyilir:
Ukraynadakı müharibə qaydalara əsaslanan beynəlxalq nizam, böyük güc rəqabəti və Avro-Atlantik təhlükəsizliyi ilə bağlı inanclara meydan oxudu. Yaşanan proses həm də tarixin ən böyük hərbi ittifaqı olan NATO-nu yenidən ayağa qaldırdı.
Türkiyə 70 ildir NATO-nun qürurlu və əvəzolunmaz üzvüdür. Ölkəmiz azadlığı və demokratiyanı müdafiə etmək üçün Koreyaya qoşun yeritdikdən sonra 1952-ci ildə alyansa daxil olub. Türkiyə soyuq müharibə dövründə və ondan sonra Yaxın Şərq, Qafqaz və Qara dəniz regionlarında sabitləşdirici və müsbət aktyor olub. Türkiyə ordusu da NATO missiyaları çərçivəsində Kosovodan Əfqanıstana kimi dünyanın bir çox bölgəsində əməliyyatlarda iştirak ediblər.
Ölkəmiz eyni zamanda müdafiə sənayesinə milyardlarla dollar sərmayə qoyaraq müdafiə qabiliyyətini gücləndirib. Bu əlavə potensial sayəsində təqdim edilən məhsullar Ukrayna da daxil olmaqla müxtəlif döyüş bölgələrində əhəmiyyətli təsirlərə malik olub.
Türkiyənin artan potensialı NATO-nun möhkəmliyinə və gücünə töhfə verib. Tərəfdaşlarımız Türkiyənin NATO-nun kollektiv təhlükəsizlik missiyasına verdiyi töhfəni həmişə yüksək qiymətləndirsələr də, öz təhlükəsizlikləri təhdid altında olmadığı zaman bu töhfəni tez bir zamanda unudublar. Türkiyənin əhəmiyyətini ancaq qarışıqlıq zamanlarında (Balkanlardakı böhran kimi) xatırlayan tərəfdaşlarımız Türkiyə olmadan uzunmüddətli sabitliyin əldə oluna biləcəyini xəyal ediblər; buna görə də təhlükə dəf edildikdən sonra geosiyasi reallıqları və regionda yarana biləcək mümkün təhlükələri görməzdən gəliblər. Şübhəsiz ki, xəyalları beynəlxalq böhranlar nəticəsində həmişə qısa ömürlü olub.
Son illərdə beynəlxalq sülh və təhlükəsizliyin qarşı qarşıya olduğu təhdidlərin dəyişikliyə uğraması bir çoxlarının NATO-nu artıq funksiyasını tamamlamış və köhnəlmiş təşkilat kimi təsvir etmələrinə səbəb olmuşdu. Ancaq Türkiyə NATO-nun əhəmiyyətini vurğulayaraq üzv dövlətləri (NATO-nun missiyasını yeni təhdidləri əhatə etməklə yeniləmək və təşkilatı yeni geosiyasi və qlobal sınaqlar qarşısında daha vacib etmək kimi) addımlar atmağa çağırdı. Türkiyənin bu çağırışı getdikcə qeyri-sabit olan beynəlxalq sistem qarşısında tutduğu mövqe ilə paralel idi.
Bu baxımdan Türkiyə digər beynəlxalq təşkilatlar kimi NATO-nun da yeni təhlükəsizlik təhdidlərinə qarşı bəzi islahatlar aparmalı olduğunu müdafiə etdi. Xüsusilə terror təhlükəsi ilə bağlı (bir çox üzv dövlətlərin birbaşa hədəfə alınmasına baxmayaraq) kollektiv təhlükəsizlik nöqtəsində kifayət qədər addımların atılmaması həm təhlükəsizlik sahəsində əməkdaşlığa zərbə vurur, həm də NATO ölkələrinin ictimai rəyində təşkilata qarşı dərin inamsızlıq yaradırdı.
Türkiyə iştirak etdiyi bütün NATO zirvələrində bu vəziyyəti vurğulayıb və terrorla mübarizənin transformasiyası üçün beynəlxalq əməkdaşlığın vacib olduğunu bildirib. Bu kontekstdə biz istəyirdik ki, NATO terror təşkilatlarına qarşı mübarizə apararkən kəşfiyyat və hərbi məsələlərdə də daha güclü əməkdaşlıq etsin. Biz bunu təkcə terror hücumlarının qarşısının alınması baxımından deyil, həm də NATO sərhədləri daxilində terrorun maliyyələşdirilməsi və üzv toplama fəaliyyətlərinin qarşısının alınması baxımından gündəmə gətirdik.
Həmçinin Türkiyə ətrafında vətəndaş müharibələri getdiyi bir vaxtda NATO-ya bəzi qanuni və zəruri tələblər irəli sürdük. Sərhədlərimizin və hava məkanımızın təhlükəsizliyini təmin etmək və İkinci Dünya Müharibəsindən sonra yaranan ən böyük qaçqın dalğası səbəbilə “insan təhlükəsizliyi” üçün bu tələbləri irəli sürdük. Bu məsələlərdə böyük ölçüdə tək buraxılan ölkəmiz bu böhranlarla təkbaşına mübarizə apardı və bu mübarizədə böyük bir bədəl ödədi. Halbuki bu böhranlarla bağlı NATO daxilində atılacaq addımlar təşkilatı növbəti dövrdə NATO sərhədləri daxilində yaşanacaq digər münaqişə və böhranlara qarşı mübarizəyə hazırlaya bilərdi.
Ukrayna müharibəsi ilə yaranan vəziyyət Türkiyənin gözləntilərinin və çağırışlarının nə qədər yerində olduğunu ortaya qoyur. Bu dövrdə qarşıdurmalar ciddi dağıntılara səbəb olarkən, Türkiyənin geosiyasi mövqeyini dərk edən bəzi üzv dövlətlər keçmişdə atdığımız bəzi addımların nə qədər məqsədəuyğun olduğunu gördülər. Həqiqətən də Türkiyə NATO üzvlərinə gələcəkdə qarşılaşılacaq geosiyasi sınaqlara hazır olmalarının vacib olduğunu söyləməkdə haqlı idi. NATO-nun əhəmiyyətsiz olduğunu iddia edənlərə qarşı təşkilatın əhəmiyyətinin getdikcə artacağını söyləməkdə də tamamilə haqlı idik.
Türkiyənin NATO üçün nə qədər vacib və kritik bir ölkə olduğu bütün üzvlər tərəfindən yenidən qəbul edilsə də, təəssüflə qeyd etmək lazımdır ki, bəzi üzvlər Türkiyəyə qarşı bəzi təhdidləri tam olaraq qiymətləndirə bilmirlər. Türkiyənin fikrincə, İsveç və Finlandiyanın üzvlüyə qəbulu öz təhlükəsizliyi və təşkilatın gələcəyi üçün risklər yaradır. 5-ci maddəyə görə, NATO-nun ikinci ən böyük ordusunun yardıma gəlməsini gözləyən bu dövlətlərdən AB və ABŞ tərəfindən də terror təşkilatı sayılan PKK-nın üzv toplama, maliyyələşmə və təbliğat fəaliyyətlərinin qarşısını almalarını gözləmək bizim təbii haqqımızdır.
Türkiyə namizəd ölkələrdən bütün terror təşkilatlarının fəaliyyətini dayandırmağı və terror təşkilatı üzvlərini Türkiyəyə təhvil vermələrini tələb edir. Bu ölkələrin rəsmilərinə açıq-aydın sübutlar təqdim edilib və onların tədbir görməsi gözlənilib. Bundan əlavə, Türkiyə bu ölkələrin NATO üzvlərinin həyata keçirəcəkləri terrorla mübarizə əməliyyatlarına dəstək vermələrini istəyir. Terrorizm bütün üzv dövlətlər üçün təhlükə yaradır və namizəd ölkələr təşkilata qoşulmazdan əvvəl bu faktı qəbul etməlidirlər. Əgər lazımi addımları atmasalar, Türkiyə bu məsələdə mövqeyini dəyişməyəcək.
Bundan əlavə, Türkiyə bu fikirdədir ki, (İsveçin ölkəmizə tətbiq etdiyi kimi) istənilən silah embarqosu NATO çətiri altındakı hərbi tərəfdaşlıq ruhuna ziddir. Bu cür məhdudiyyətlərin təkcə milli təhlükəsizliyimiz deyil, həm də NATO-nun mahiyyəti baxımından son dərəcə zərərli nəticələri var. İsveç və Finlandiyanın alyansa qoşulmaqda israrlı olması NATO-nun gündəliyinə lazımsız bir maddə əlavə edib.
Türkiyənin İsveç və Finlandiyanın üzvlüyünə etirazı həmçinin indiyə qədər terrorun hədəfi olan bütün üzvlər adına atılan qətiyyətli bir addımdır. Terrorun dini, milliyəti və rəngi yoxdur. Məqsədi mülki əhaliyə zərər vurmaq olan hər bir təşkilatın qarşısında hər bir üzv ölkənin qətiyyətli şəkildə dayanması bu ittifaqın ən mühüm missiyalarından biridir. Bu məsələdə heç bir ölkənin imtiyazı yoxdur.
Problemlərin həllinə, qlobal sülhün və sabitliyin dəstəklənməsinə gəldikdə, həmişə qısa yollar olmur. Amma atıla biləcək cəsarətli və düzgün addımlar sayəsində bu yolları mümkün qədər qısaltmaq olar. İsveç və Finlandiyanın müttəfiq olmaq istədikləri dövlətlərin təhlükəsizliklə bağlı narahatlıqlarına və həssaslıqlarına qarşı nümayiş edəcəyi münasibət Türkiyənin də bu ölkələri nə qədər müttəfiq kimi görmək istədiyini müəyyən edəcək.
Alyansın hər genişlənmə prosesində müsbət və konstruktiv bir nöqtədə dayanan Türkiyənin bir parçası olduğu təşkilatla münasibətlərini şübhə altına almağa cürət edənlərin cahilliyi və hədsizliyi mövqeyimizi dəyişməyəcək. Diplomatiyanın və dialoqun bütün formalarına açıq olan ölkəmiz bu səylərin namizəd ölkələri razı salmağa yönəlməsini tövsiyə edir. Terrorla mübarizə aparmaq istəməyən heç bir ölkənin Ankaraya göstəriş vermək səlahiyyəti yoxdur. Hesab edirik ki, NATO üzvləri terrorla mübarizədə ikili standartlar tətbiq etsələr, alyansın nüfuzu və inandırıcılığı təhlükə altına düşəcək.