Bu il may ayının 27-də Azərbaycan Respublikasının Prezidebti İlham Əliyev Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin açılışında geniş çıxış etmiş və mühüm məsələlər haqqında fikirlər söyləmişdir. Prezident bildirmişdir ki, Rus imperiyasının dağılması nəticəsində Azərbaycan xalqı 104 il bundan əvvəl müstəqilliyə qovuşmuşdur. Ancaq birinci respublika süqut etdi. Cəmi iki ilə yaxın müddət ərzində yaşaya bildi. Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsini biz daim hörmətlə anırıq və onlara böyük hörmətlə yanaşırıq.
Bildiyiniz kimi, dövlət müstəqilliyimiz elan olunandan bir gün sonra Azərbaycan Xalq Cümhuriyyəti bizim qədim şəhərimiz olan İrəvanı Ermənistana təhvil verdi. Bu faktı unutmaq və danmaq olmaz. Bizim qədim diyarımız bizdən ayrı düşdü. XX əsrin əvvəllərində və sonrakı dövrlərdə müstəqilliyimiz möhkəm olmamışdır. Ona görə xalqımız böyük faciələrlə üzləşmişdir.
1920-ci ilin noyabrında sovet hakimiyyətinin qərarı ilə heç bir qanuni əsas olmadan tarixi diyarımız Qərbi Zəngəzur Azərbaycandan alındı və Ermənistana verildi. Bu, xalqımıza qarşı növbəti düşmənçilik və ədalətsizlik idi. İndiki Ermənistan ərazisində olan Qərbi Zəngəzurun bütün toponimləri, bütün kəndlərin milli tərkibi Azərbaycan xalqına məxsus idi.
Əsl müstəqillik məhz odur ki, sən müstəqil siyasət apara biləsən. 1993-cü ildən başlayaraq xalq Ulu Öndərə müraciət edib onu hakimiyyətə dəvət edəndən sonra əsl müstəqillik həyatımız başlamışdır. Bu gün iqtisadi göstəricilərimiz çox müsbətdir. Dünya miqyasında bu il ən sürətlə inkişaf edən ölkələrdən biri Azərbaycandır.
Azərbaycan iqtisadi cəhətdən müstəqil ölkədir. İqtisadi cəhətdən müstəqil ölkələrin sayı o qədər də çox deyil. Ancaq Azərbaycan tam müstəqildir və heç bir yardıma, kreditə ehtiyacı yoxdur. Bu gün güc amili ön plandadır. Beynəlxalq hüquq işləmir. Özümüzü aldatmamalıyıq, daha güclü olmalıyıq, güc toplamalıyıq. Güc amili bundan sonra da dünyada hakim olacaq.
Müasir dövrdə Azərbaycanın hərbi gücü durmadan artır. Müharibədən sonra yeni silahlı birləşmələr yaradılmış, yeni texnika alınmışdır və bu proses hələ də davam edir. Azərbaycan sabitlik, təhlükəsizlik diyarıdır. Bunu artıq bütün dünya görür və bilir. Müstəqil olmasaydıq erməni işğalına son qoya bilməzdik. Çünki bu işğalı şərtləndirən xarici amillər olmuşdur.
Hazırda Ermənistanın acınacaqlı vəziyyəti göz qabağındadır, bu vəziyyət onların işğalçılıq siyasətinin nəticəsidir. Ermənistan özü nə hərbi, nə siyasi, nə iqtisadi cəhətdən hətta orta səviyyəli dövlət sayıla bilməz. İndi Ermənistandakı vəziyyət göz qabağındadır. Ermənistanın xarici havadarları Azərbaycan xalqını öz hədəfindən çəkindirə bilmədi. Azərbaycan xalqı güclü iradə göstərdi, birləşdi. Bunun təməlində həmrəylik, milli qürur, ləyaqət və güc dayanır.
Azərbaycan Kooperasiya Universitetinin İnformasiya texnologiyaları şöbəsinin müdiri - Seymur Ramazanov