Mayın 26-da Bakı Fəlsəfə Akademiyasının təşkilatçılığı ilə “Cümhuriyyət: millətsiz dövlət” adlı seminar keçirilib. Azərbaycan Xalq Cümhuriyyətinin 104 illiyinə həsr olunmuş seminarda siyasi elmlər üzrə fəlsəfə doktoru Orxan Vəliyev çıxış edib. İçərişəhər Bookhouse & Cafe-də baş tutan seminar Akademiyanın yeni sessiyasının ilk tədbiridir.
Azərbaycanda milli düşüncənin formalaşması və təşəkkülü barədə danışan Orxan Vəliyev, cümhuriyyət ideyasının fəlsəfi arxa planı, milli kimlik problemi və Azərbaycanda milli hərəkatın mərhələləri haqqında ətraflı məlumat verib.
O, Azərbaycan Xalq Cümhuriyyətinin əsas hədəflərinin millət və dövlət axtarışı, konstitusiyanın qəbulu və millət quruculuğunun tamamlanması ilə bağlı olduğunu qeyd edib. Cümhuriyyəti “millətsiz dövlət” adlandıran Orxan Vəliyev, Azərbaycanda tamamlanmış milli dövlətin formalaşmasının 90-cı illərdə İkinci respublika ilə mümkün olduğunu, 2020-ci ildə əldə edilmiş böyük qələbənin isə bu prosesi daha da inkişaf etdirdiyini bildirib.
Tarixin daha çox subyektiv şərhlərə əsaslandığını xatırladan alim, ideya və fikirlərin milli dəyələrə uyğun olduğu ölçüdə qəbul edildiyini və yaşadıldığını vurğulayıb. Seminarın sonunda iştirakçıların mövzu ilə əlaqədar sualları cavablandırılıb.
Qeyd edək ki, Bakı Fəlsəfə Akademiyası fəlsəfə, sənət, humanitar elmlər və bir çox digər sahədə yazı, video material, məqalə, tərcümə və blog yayımlayan çox məzmunlu düşüncə platformasıdır.
“Hər kəs üçün fəlsəfə” şüarı altında fəaliyyət göstərən Akademiya bir qrup gənc tədqiqatçı tərəfindən yaradılıb və əsas məqsədi Azərbaycanda fəlsəfənin inkişafına töhvə vermək, bu istiqamətdə tədbirlərin və təlimlərin təşkilini, video tərcümə, səsləndirmə, kitab və xarici dildəki məqalələrin tərcüməsini həyata keçirməkdir.