Təhsil sahəsini öz prioritetlərindən biri elan etmiş ölkəmizdə bu istiqamətdə sistemli dövlət proqramları qəbul edilməklə mütərəqqi islahatlar aparılmaqdadır. Bununla belə, bəzi hallarda gənclərin qabaqcıl xarici ölkələrin təhsil müəssisələrində təhsil almalarını təşviq edən dövlət siyasətinə uyğun olaraq yaradılmış şəffaf mühitdən sui-istifadə etməklə gənclər arasında sağlam rəqabətə xələl gətirən vəzifəli şəxslərə də təsadüf olunur ki, belə hallara qarşı hüquq-mühafizə orqanları tərəfindən ən sərt mübarizə tədbirləri görülməkdədir.
Azərbaycan Respublikası Baş Prokurorluğunun və Dövlət Təhlükəsizliyi Xidmətinin mətbuat xidmətlərinin MilliYol.az-a daxil olan birgə məlumatında bildirilib ki, xarici ölkələrin ali təhsil müəssisələrinə qəbul üçün hüquq verən beynəlxalq səviyyəli imtahan proqramı suallarının qabaqcadan qanunazidd şəkildə ayrı-ayrı şəxslərə satışını təşkil edən şirkət rəhbəri barəsində Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Dövlət Təhlükəsizliyi Xidmətinin aidiyyəti strukturu ilə birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Baş İdarədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmaqla istintaq aparılır.
Əməliyyat tədbirləri ilə “Uğur İstanbul 2012” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Məmmədov Cahid Sabit oğlunun fərdi qaydada vətəndaşların xaricdə təhsil almasında kömək göstərilməsi ilə məşğul olan Əliyev Şahin Sevindik oğlu və digər şəxslərlə qabaqcadan əlbir olub beynəlxalq səviyyədə fəaliyyət göstərən “College Board” özəl təşkilatının Təhsil Test Xidməti (“Educational Testing Service”) üzrə imtahan növü olan “SAT” test-sxolastik qabiliyyət imtahanının (Scholastic Aptitude Test) kommersiya sirri təşkil edən sual-məlumat bazasını nüfuz alveri etməklə külli miqdarda pul vəsaiti müqabilində bu növ imtahanların keçirilməsinə lisenziyası olan Türkiyə Respublikasının İzmir və İstanbul şəhərlərində yerləşən təhsil mərkəzlərindən qanunsuz əldə etməsinə əsaslı şübhələr müəyyənləşdirilib.
Qeyd edilən qanunsuz hərəkətlərin davamı kimi Cahid Məmmədovun qanunsuz əldə etdiyi həmin sualları direktoru olduğu MMC və Bakı şəhərində fəaliyyət göstərən “Uğur N” MMC adlı digər tədris müəssisəsi, habelə qabaqcadan əlbir olduğu Şahin Əliyev və başqalarının vasitəsi ilə külli miqdarda pul vəsaiti müqabilində Türkiyə və Azərbaycan respublikaları ərazisində ayrı-ayrı şəxslərə satıb yaymasına, bununla da “College Board” təşkilatının və cəmiyyətin təhsil müəssisələrinə qəbulun beynəlxalq səviyyədə müəyyən olunmuş standartlar üzrə şəffaf və obyektiv əsaslarla həyata keçirilməsinin, məxfiçiliyin, rəqabətliliyin və təhsilin effektivliyinin təmin edilməsi ilə əlaqədar hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmasına əsaslı şübhələr müəyyən edilib.
İş üzrə toplanmış sübutlar əsasında Cahid Məmmədov və Şahin Əliyevin Cinayət Məcəlləsinin 202.1-ci (kommersiya və ya bank sirri olan məlumatları qanunsuz yolla əldə etmə və ya yayma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 312-1.2-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə) maddələri ilə ittiham elan edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam, hərtərəfli və obyektiv yoxlanılmaqla digər təqsirli şəxslərin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Azərbaycan Respublikasının Baş Prokurorluğu xarici ölkələrin təhsil ocaqlarına daxil olmağa maraq göstərən tələbələri və onların valideynlərini bu qəbildən olan qanunazidd hallara qarşı diqqətli olmağa çağıraraq, belə hallarla üzləşən vətəndaşlardan Baş Prokurorluğun “961” Çağrı mərkəzinə və ya Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “161-Qaynar xətt” əlaqə mərkəzinə məlumat vermələri xahiş edilir.