Hazırda Bakıda kirayə mənzillərə əsas tələbat qiyməti 300-500 manat arası dəyişən, 2-3 otaqlı mənzillərdir.
Bunu Trend-ə əmlak eksperti Elnur Fərzəliyev deyib.
Onun sözlərinə görə, hazırda kirayə mənzil mövsümü olmadığından qiymətlər stabildir:
"Lakin son illər Bakıda xeyli sayda yeni bina tikilir. Bu tikintilərin bir qismi pilot layihələr əsasında həyata keçirilir. Yararsız vəziyyətdə olan, köhnə tikililər sökülüb, yerində hündürmərtəbəli, yeni yaşayış binaları ucaldılır.
Paytaxtda köhnə mənzillər söküldükcə, kirayə bazarında ucuz mənzillərə tələb artır. Yəni həm həmin binaların sakinləri, həm də burada kirayə qalanlar əlavə yer axtarmalı olur. Bu səbəbdən köhnə binalarda kirayə verilən ucuz mənzillərin sayı azalır. Hazırda Bakıda yeni tikili binalarda birotaqlı kirayə mənzillərin qiyməti 500 manatdan başlayır", - E.Fərzəliyev deyib.
Onun sözlərinə görə, bütün bunlar onu deməyə əsas verir ki, yaxın on ildə paytaxtda ucuz kirayə mənzillərin sayı çox məhdud olacaq:
"Ucuz kirayə mənzillərdə yaşayanların əksəriyyəti rayonlardan gələn tələbələrdir. Qiymət balansını qorumaq üçün tələbəblər üçün yataqxanalar tikilməlidir. Hər il minlərlə tələbə paytaxta oxumağa gəlir. Bu da yüzlərlə mənzilin kirayələnməsi deməkdir. Bundan başqa mərkəzdən bir qədər aralı yerləşən kənd və qəsəbələrə marşrut xətlərinin artırılması ucuz kirayədə qalmaq istəyən şəxslər üçün yaxşı olar", - E.Fərzəliyev vurğulayıb.