Bakı Ağır Cinayətlər Məhkəməsinin “AtraBank” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri olmuş Elmixan Nəbiyevin barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi üzrə (mənimsəmə və ya israf etmə) verdiyi bəraət hökmü ləğv edilib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsində bankirə yeni hökm oxunub. O, qeyd edilən maddə üzrə təqsirli bilinib və 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Onun daha əvvəl 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddə ilə ittiham edilərək aldığı cəza da nəzərə alınaraq, E.Nəbiyevə qəti olaraq 6 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. Cəza 3 il sınaq müddəti təyin edilməklə şərti hesab edilib.
Qeyd edək ki, bu proses 2018-ci ildən sonra 4 il uzanıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin E.Nəbiyevə 179.3.2-ci maddə ilə bəraət verməsindən sonra prokurorluq Bakı Apellyasiya Məhkəməsinə protest verib. Lakin məhkəmə protesti təmin etməyib. Daha sonra prokurorluq hökmdən Ali Məhkəməyə şikayət verib. Ali Məhkəmə şikayəti təmin edib və işi yenidən Bakı Apellyasiya Məhkəməsinə qaytarıb.
Birinci instansiya məhkəməsində prokuror Elmixan Nəbiyevin 10 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.
İttihama görə, “AtraBank” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri olmuş Elmixan Nəbiyevin qanunsuz əməlləri Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.
İstintaq zamanı Elmixan Nəbiyevin “AtraBank” ASC İdarə Heyətinin sədri işləyərkən bankın lisenziyasının ləğv olunmasının qarşısını almaq üçün özünün iştirakı ilə yaradılmış və yaxın münasibətlərdə olduğu ayrı-ayrı şəxslərin adlarına rəsmiləşdirilmiş formal, heç bir fəaliyyəti olmayan özəl müəssisələr təşkil edib, faktiki mövcud olmayan maliyyə vəsaitləri üzrə onların adlarına ümumilikdə 8 milyon 405 min manat məbləğində qanunsuz kreditlər rəsmiləşdirib.
Daha sonra rəhbərlik etdiyi bankın tələb olunan formal məcmu nizamnamə kapitalına malik olması görüntüsü yaradıb, eyni zamanda, ayrı-ayrı fiziki şəxslərin adlarına ümumilikdə 809 min manat kredit rəsmiləşdirərək mənimsəyib.